Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2020 12:46
  • A-
  • A
  • A+

AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu əlamətdar günün tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Dilin xalqın varlığı, milli kimliyi olduğunu deyən M.Nağısoylu orta əsrlərdə fars dilinin şeir, ərəb dilinin elm, türk dilinin isə danışıq dili kimi qəbul edildiyini, nəticədə Azərbaycanın bir sıra görkəmli ədiblərinin öz əsərlərində ana dilimizdən az istifadə etdiklərini söyləyib. Direktor XVI əsrdə Səfəvilər İmperiyası dövründə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxdığını və beləliklə ana dilindən istifadənin geniş vüsət aldığını diqqətə çatdırıb. O, bu təşəbbüsün Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirildiyini və 1918-ci il 27 iyun tarixində imzalanmış qərarla ana dilinin dövlət dili elan olunduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" sözlərini xatırladan alim SSRİ dövründə ana dilimizin öz qüdrətini qorumasında ulu öndərin müstəsna xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, ümummilli lider 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində ilk dəfə SSRİ miqyasında yüksəkvəzifəli şəxs kimi rus dilində deyil, öz ana dilində çıxış edib, həmçinin məhz onun iradəsi nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. M.Nağısoylu ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, o cümlədən 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunduğunu diqqətə çatdırıb.  

Prezident İlham Əliyevin də daim ana dilimizə diqqət göstərdiyini və qayğı ilə yanaşdığını deyən alim ölkə başçısı tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamların imzalandığını bildirib.

Bu gün dünyada 200-dən artıq ölkənin və 70 rəsmi dövlət dilinin mövcud olduğunu vurğulayan M.Nağısoylu ana dilinin saflığının qorunması və gələcək nəsillərə ötürülməsinin önəminə toxunub.

Daha sonra professorlar Buludxan Xəlilov və Adil Babayev çıxış edərək Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd ediblər.

Sessiyada filologiya elmləri doktoru Mayıl Əsgərovun “Ana dilimizi - Azərbaycan dilini dünyada tanıdaq”, filologiya üzrə fəlsəfə doktorları Elçin İsmayılovun “Azərbaycan dilinin poetik imkanları” və Günel Orucovanın “Ana dili mənəvi varlığımızdır” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: