Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yerə ən yaxın qara dəlik tapılıb
08.05.2020 09:23
  • A-
  • A
  • A+

Yerə ən yaxın qara dəlik tapılıb

Astronomlar, göy sferinin cənub yarımkürəsində adi gözlə görünən, üçqat ulduz sisteminə daxil olan, qara dəliklərə ən real namizəd tapıblar.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu barədə “Astronomy and Astrophysics” jurnalında elmi məqalə dərc olunub.

Qeyd edilib ki, son vaxtlara qədər Yerə ən yaxın məlum olan qara dəlik Təkbuynuz bürcündə, bizdən üç min işıq ili məsafəsində yerləşən, rentgen mənbəyi olan qoşa A0620-00 ulduz sisteminin komponentlərindən biri hesab olunurdu. Lakin Avropa Cənub Rəsədxanasından Tomas Riviniusun rəhbərlik etdiyi astronomlar qrupu Günəşdən min işıq ili məsafəsində olan HR 6819 üçqat ulduz sistemində bizə daha yaxın qara dəlik tapıldığı haqqında məlumat veriblər. Bu ulduz sistemi aydın səmalı aysız gecədə göyün cənub yarımkürəsində yerləşən Teleskop bürcündə adi gözlə görünür.

Bu kəşf, Çilidəki La Silla Rəsədxanasında 2,2 metrlik teleskopunda quraşdırılmış FEROS spektroqrafı vasitəsilə "HR 6819" ulduz sistemini tədqiqi zamanı edilib. Bu sistem ətrafında geniş orbit boyunca Be ulduzu hərəkət edir. Sıx qoşa sistemin periodu 40 gündür. Şüa sürəti əyrisinin yarımamplitudunun 61.3 km/san olduğunu bilərək, görünən komponentin kütləsinin minimal qiyməti üçün 6.3 günəş kütləsi, görünməyən komponentin kütləsi üçün isə 4.2 günəş kütləsi alınıb. Görünməyən komponentin kütləsi üçün alınmış 4.2 günəş kütləsi qara dəliklər üçün xarakterik olduğu üçün bu komponentin qara dəlik olduğu hesab edilir.

Uzun müddətdir ki, astronomların əlində qara dəliklərin mövcudluğunu sübut edən yalnız dolayı faktlar var idi. Bu yaxınlarda, astronomik müşahidələrin aparılması və onlardan alınan nəticələrin işlənməsi üsullarının təkmilləşməsi nəticəsində astronomlar fəal M87 qalaktikasının nüvəsində qara dəliyin olduğunu birbaşa sübut ediblər. Bir neçə dəfə qara dəliklərin birləşməsi zamanı əmələ gələn qravitasiya dalğaları qeyd olunub. Həmçinin qalaktikamızın mərkəzində yerləşən ifrat kütləli qara dəliyin güclü qravitasiya sahəsində ulduzların hərəkətinin nisbilik nəzəriyyəsinə uyğunluğu müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: