Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.05.2020 15:48
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda onlayn elmi konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda onlayn elmi konfrans keçirilib

Mayın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli”  mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıb. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

Plenar iclasda Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri, professor Elşən Hacızadə “Qlobal çağırışlar və milli enerji sektorunda inkişafın yeni hədəfləri”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d. Vüsal Qasımlı “Azərbaycan iqtisadiyyatının inkişaf modeli” və  Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov “Yeni çağırışlar kontekstində Azərbaycanın iqtisadi siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun “İqtisadi inkişaf strategiyası seçiminə yanaşmalar haqqında” adlı məruzəsi dinlənilib. 

Məruzəçi İqtisadiyyat İnstitutunda aparılan İS(S)İ indeksi elmi tədqiqatları və onun nəticələri, eləcə də dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi, dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatlaşdırılması, öyrənilən 95 ölkə üzrə iqtisadiyyatların liberallıq və dirijistlik səviyyəsi, onların başlıca xüsusiyyətləri, sağçı və solçu ölkələrin fərqli inkişaf səviyyəsi və s. barədə danışıb.

N.İmanov bildirib ki, İqtisadiyyat İnstitutunun qiymətləndirmələrinə görə, Azərbaycan aralıq iqtisadiyyat modelinə malikdir. Onun sözlərinə görə, böhran dövrlərində adətən dövlətlərin iqtisadiyyata müdaxiləsi artır və yaxın 2 ildə bu kimi prosesin müşahidə olunacağı gözləniləndir. Bununla belə, uzunmüddətli dövr üçün Azərbaycanda liberal iqtisadi islahatlar davam etdirilməlidir.

Sonra tədbir öz işini bölmə iclaslarında davam etdirib.

Onlayn konfansa AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları da qatılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: