“Potensial təhlükə” kateqoriyasına aid asteroid iyunun 6-da Yer planetinə yaxınlaşacaq.
ria.ru saytı xəbər verir ki, 163348 (2002 NN4) adı verilən asteroidin diametri 250-570 metrdir. O, saniyədə 11,1 kilometr sürətlə planetimizdən 5,1 milyon kilometr məsafədən keçəcək.
Astronomlar indiyədək yerətrafı fəzada, yəni 0,05 astronomik vahid daxilində və ya 7 milyon kilometr məsafədə ölçüləri 140 metrdən çox olan 8 minə yaxın asteroid aşkarlayıb. NASA mütəxəssislərinin qiymətləndirməsinə əsasən, bu göy cisimləri “potensial təhlükə” kateqoriyasına aiddir. Yerətrafı orbitdə iri asteroidlərin ümumi sayı isə 25 minə yaxındır.
Alimlər, həmçinin planetimizin yaxınlığında yerləşən orta ölçülü (100 metrdən bir kilometrə qədər) asteroidlərin sayını da müəyyənləşdirə biliblər. Eyni zamanda, planetimiz üçün potensial təhlükə törədən və eni bir kilometrdən böyük olan iri asteroidlərin 93 faizi də aşkarlanıb. Onların təxminən minə yaxını Günəşdən 195 milyon kilometr məsafədə dövrə vurur.