Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun Bitkilərin mühafizəsi laboratoriyasının əməkdaşları Abşeron Milli Parkının ərazisində monitorinq keçiriblər.
Tədqiqatlar nəticəsində Abşeron yarımadasının öz iqlim tipini dəyişməsi və bunun da nəticəsində yarımadanın flora tərkibində dəyişikliklər, yerli floraya aid bəzi bitkilərin sayının azalması, bitkilərdə xəstəlik və zərərvericilərin artması müşahidə olunur.
Yarımadanın təbii və mədəni florasındakı tədqiqatlar zamanı çətirçiçəkli (Apiaceae) bitkilərdə unlu yastıca koloniyalarına, yulğun kollarında (Tamarix L.) isə fır milçəklərinə rast gəlinib.
Laborator araşdırmalar göstərib ki, Planococcus ficus və Iceria puchasi unlu yastıcaları əsasən çətirçiçəkli və tərəçiçəklilər fəsiləsinə aid olan bitkilərdə parazitlik edir. Çətirçiçəkli bitkilərə ziyan vuran digər həşərat Graphosoma semipunctatum bitki taxtabitisidir. Bu həşəratlar sorucu ağız aparatları vasitəsilə bitkilərin şirəsini sorur, nəticədə bitki quruyaraq məhv olur. Lakin bu, təkcə bitkinin quruması ilə bitmir. Ərazidə rast gəlinən maxaon kəpənəyi (Papilio machaon) ömrünün həm tırtıl, həm də yetkin fərd mərhələsində yalnız çətirçiçəkli bitkilərlə qidalanır. Bu bitkilərin quruyaraq məhv olması sonda maxaon kəpənəklərinin də məhvinə səbəb olur.
Qeyd edək ki, 783 hektar sahəsi olan Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında - "Şah dili" burnu ərazisində yerləşir. Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” də deyirlər. Rəvayətə görə, əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali "Şah dili" adlandırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.