Biz bu gün çox böyük təhlükə - yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma, onunla müharibə qarşısındayıq. Bu, adi müharibə deyil. Bizi böyük təhlükə qarşısında qoyan virus gözə görünmür, iyi, səsi yoxdur və onun bizi məhv etmək yolları haqqında məlumatımız yoxdur. Hazırda bu virusa qarşı vaksin və müvafiq dərmanlar da yoxdur. Böyük, güclü dövlətlər belə onun qarşısında acizdir. Ən qorxulusu odur ki, koronavirus bizim yaşamağımızı, bədənimizi oksigenlə təmin edən ən həssas üzvünü – ağ ciyərləri zədələyir. İnsan qidasız 8-10, susuz 3-4 gün yaşaya bilər, lakin oksigensiz 5-10 dəqiqədən artıq yaşamır.
Bu sözləri Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rafiq Qasımov bildirib. Alim qeyd edib ki, oksigen çatışmazlığı beyinin, qara ciyərin və başqa orqanların fəaliyyətini dayandırır və nəticədə insan həyatını itirir.
"Ağ ciyərlər sıxılıb–açılma yolu ilə bizi əhatə edən mühitdən havanı qəbul edir, çox incə yollarla qana və qan damarları vasitəsilə bədənin yaşamasını təmin edən üzvlərə daxil edir. Oksigensiz həyat mümkün deyil. Ona görə də bu virusun ağ ciyərlərin fəaliyyətinə təsiri çox qorxuludur. Virusa qarşı mübarizə aparmaq üçün dərmanların olmamasını nəzərə alaraq, özümüzü və ətrafdakılarımızı ondan qorumalıyıq", - deyə alim diqqətə çatdırıb.
R.Qasımov dünyanı bürüyən pandemiyaya qarşı birgə mübarizə aparmaq üçün tibbi maska taxmağı, sosial məsafə saxlamağı, təmizliyə riayət etməyi və qapalı məkanlarda sıxlıq yaratmamağı tövsiyə edib.
“Qeyd olunanlara biganə qalmayaq, özümüzü, ailəmizi, millətimizi qoruyaq. Gecə-gündüz yatmayan, ailələrini aylarla görməyən həkimlərimizin, polis işçilərimizin əməyini itirməyək, onların gərgin və fasiləsiz fəaliyyətlərini dəyərləndirək. Gəlin birlikdə bütün dünyaya göstərək ki, Azərbaycan xalqı öz iradəsi və ağlı ilə koronavirus pandemiyasından xilas ola bilər”, - deyə AMEA-nın müxbir üzvü vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.