Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunun fondunda 10 mindən çox herbari saxlanılır
25.06.2020 11:12
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun fondunda 10 mindən çox herbari saxlanılır

Son illərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın yeni nəşrinin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Bununla bağlı AMEA-nın Dendrologiya İnstitutunun Herbari və toxumçuluq laboratoriyası tərəfindən nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin arealları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatının dəyişilmə səbəbləri müəyyən olunub. Laboratoriya tərəfindən Azərbaycan dendroflorasında nadir və nəsli kəsilməkdə olan növlərin yayıldığı ərazilərdə monitorinqlər aparılır, nadir bitkilərin nəslinin yoxa çıxmasına səbəb olan amillər, təbii ehtiyatının dəyişilmə səbəbləri, populyasiyaların bərpası və mühafizəsi elmi əsaslarla araşdırılır.

Bunu Herbari və toxumçuluq laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova deyib. O, bildirib ki, laboratoriyanın əsas fəaliyyəti Azərbaycan dendroflorasının müasir vəziyyətinin araşdırılması, təbii və mədəni bitki növlərinin müqayisəli təhlili, ağac və kol bitkilərinin taksonomik tərkibi, herbarilərin toplanılması, toxumların tədarük edilməsi, çiçəkləmə, meyvəvermənin hormonal stimulyasiyası, yüksəkkeyfiyyətli toxumların alınmasından ibarətdir.

Alimin sözlərinə görə, laboratoriyanın elmi tədqiqat iş planı və mərhələlər üzrə tədqiqatı zamanı Azərbaycan dendroflorasının müasir vəziyyəti elmi əsaslarla araşdırılıb. Azərbaycan ərazilərində bitkilərin taksonomik tərkibi, ekobioloji xüsusiyyətləri, reintroduksiyası, dominant, subdominat növlərin ehtiyatı araşdırılıb, areallarda bitkilərin populyasiya vəziyyəti və ekosistemləri qiymətləndirilib. M.Həsənova əlavə edib ki, bunun əsasında “Azərbaycan dendroflorası”nın 5 cildliyi hazırlanıb, yerli və xarici floraya aid 92 fəsilə, 266 cinsə aid 1141 növ ağac-kol bitkisi APG III-IV sistemləri üzrə qruplaşdırılıb, ekologiya və botanika sahəsində mühüm nəticələr əldə edilib.

"Təşkil edilmiş ekspedisiyaların əsas məqsədi tematik plana uyğun mərhələlər üzrə Azərbaycanın təbii və mədəni dendroflorasının müasir vəziyyətinin öyrənilməsi, yayılma areallarının dəqiqləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin inventarizasiyası olub", - deyə bildirən alim Böyük və Kiçik Qafqaz dağlarının təbii dendroflorasında 30-400 m yüksəklikdən ağac və kol bitkilərinin yayılma areallarının videoçəkilişlərinin edildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, bitkilərin dəqiq koordinatlarının təyini üçün CPS-dən istifadə etməklə Azərbaycanın təbii və mədəni dendroflorasının hərtərəfli monitorinqi aparılıb. Bu zaman son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadə nəticəsində bəzi bitkilərin areallarının qısaldığı, bəzi növlərin isə öz areallarını tamamilə dəyişdiyi məlum olub.

Bildirilib ki, flora biomüxtəlifliyinin təhlil edilməsi, meşələrdə yayılmış bitki növlərinin inventarizasiyasının aparılması, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri, ərazilərdə bitkilərin növ tərkibinin öyrənilməsi, tədqiq olunan bitkilərin yayılma areallarının kompleks şəkildə araşdırılması Herbari və toxumçuluq laboratoriyasının elmi tədqiqat iş planının əsas istiqamətidir. Çoxillik tədqiqatların nəticəsi göstərib ki, qlobal iqlim dəyişkənliyi biomüxtəlifliyin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə, nəticədə meşə sahələrinin və meşə ehtiyatlarının azalmasına səbəb olub.

Minarə Həsənovanın sözlərinə görə, iqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi və iqlim dəyişkənliyinin yaratdığı CO₂ qazının artmasının Böyük və Kiçik Qafqaz meşələrində ağacların böyümə dinamikasına, yanğınlara, həşərat hücumlarına və daşqınlara səbəb olan təsir mexanizmi öyrənilir. Laboratoriya əməkdaşları tərəfindən Talış bölgəsinin, Naxçıvanın sərhədyanı ərazilərinin dendroflorası təbii və mədəni şəraitdə yayılmış növlərin sistematik tərkibi, botaniki-coğrafi vəziyyəti, nadir növlərin mühafizəsi elmi əsaslarla araşdırılır. Həmçinin mədəni floramızda istifadə olunan müxtəlif dünya dendroflorasına mənsub introduksiya olunan bitkilər, onların taksonomik tərkibi araşdırılmaqla herbariləri və toxumları fonda daxil edilib.

“Herbari və toxumçuluq laboratoriyasının toxum mübadiləsi üçün ağac, kol, ot bitkiləri toxumlarının kataloqu hazırlanır. “Toxum kataloqu”na daxil edilmiş bitkilərin toxum nümunələrindən beynəlxalq mübadilədə istifadə olunur. Hazırda laboratoriyanın herbari və toxum fondunda 10 mindən çox herbari və 965 bitki növünə qədər toxum nümunələri saxlanılır”, - deyə laboratoriya rəhbəri bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: