Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.11.2014 00:00
  • A-
  • A
  • A+

“Horizon-2020” çərçivəsində İKT sahəsində tədqiqat və innovasiya üzrə müzakirələr aparıldı

“Horizon-2020” çərçivəsində İKT sahəsində tədqiqat və innovasiya üzrə müzakirələr aparıldı

Bu gün AMEA-nın Əsas binasında Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində şərq əməkdaşlığına həsr edilmiş “İnformasiya və kommunikasiya texnologiyaları sahəsində tədqiqat və innovasiya” mövzusunda tədbir keçirildi.

Öncə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə tər güllər qoydular.

Tədbirdə Avropa Komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edirdilər.

Görüşdə “Horizon-2020” proqramı çərçivəsində Avropa İttifaqı, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə fəaliyyət imkanları müzakirə olundu.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev çıxış edərək bildirdi ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Bu əməkdaşlıq həmin ölkələr arasında elmi-texnoloji inkişaf və İKT tədqiqatları sahəsində siyasi dialoqun yaradılmasına təkan verəcək.

Q.Babayev qeyd etdi ki, noyabrın 14-də “East-Horizon” layihəsi çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulub: “Təlimdə iştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin yazılması, Avropa Komissiyasına təqdim edilməsi qaydaları və layihələrin Komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olacaqlar. Təlim çərçivəsində tədqiqatçılara layihələrin AB ekspertləri ilə müzakirə edilməsi, ilkin qiymətləndirilməsi və “Horizon 2020”nin tələblərinə uyğun olmasına dair məsləhətlər veriləcək”.

Tədbirdə çıxış edən Avropa Komissiyasının nümayəndələri Vassilis Kapanas, Morten Moller, AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və İnnovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev və başqaları “Horizon 2020” layihəsinin və layihə çərçivəsində həyata keçiriləcək elmi işlərin əhəmiyyətindən danışdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: