Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir
21.07.2020 13:13
  • A-
  • A
  • A+

Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir

Bəlkə də, tarixdə ilk dəfədir ki, qeyri-iqtisadi bir hadisə bu qədər dərin böhran yaradır. Hazırda dünya iqtisadiyyatı dərin tənəzzül keçirir və bunun nə vaxta qədər davam edəcəyi ilə bağlı fikir söyləmək çətindir. Bu böhran təkcə iqtisadiyyatı tənəzzülə uğratmamış, eyni zamanda, psixoloji gərginliyin artmasına, rifahın azalmasına təsir göstərməkdədir. Hazırda virus dünyanın 200-dən çox ölkəsinə yayılmaqla bu ölkələrin iqtisadiyyatına, insanların sağlamlığına təhdid yaratmaqdadır. 

Pandemiya dövrünün əsas çətinliyi bir-biri ilə ziddiyət təşkil edən, iqtisadi qanunauyğunluğa tabe olmayan 3 mühüm problemin paralel şəkildə həll edilməsi idi. Bir tərəfdən virusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin rejimi, insanların hərəkətinin və biznes sektorunun fəaliyyətinin məhdudlaşdırılmasını zəruri şərtə çevrilmişdir. Digər tərəfdən də iqtisadi zərərin minimallaşdırılması, biznes subyektlərinin müflisləşməsinin qarşısının alınması, karantin səbəbindən işini itirən insanların sosial müdafiəsinin təmin edilməsi tələb olunur. 

Sözsüz ki, virusun insan sağlamlığına yaratdığı təhlükə bütün digər problemlərin önünə keçdi. Ölkə Prezidenti vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə mart ayının 24-dən etibarən karantin rejimi tətbiq etdi. Sərt karantin rejiminin tətbiqi ilə istehsal və xidmət sektorunda şirkətlərin fəaliyyəti məhdudlaşdırıldı, insanların sərbəst hərəkəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edildi, sərnişin daşınmasında  daxili və beynəlxalq nəqliyyat əlaqələri dayandırıldı. Bütün bunlar virusun yayılmasının qarşısının alınması və ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədi daşıyırdı. Təbii ki, məhdudiyyətlərin iqtisadi fəallığın zəifləməsinə, iqtisadi geriləməyə səbəb olması qanunauyğundur və bütün dünyada iqtisadi geriləmə davam etməkdədir.  Çünki insanların hərəkətinin məhdudlaşdırılması ilə yanaşı, iqtisadi fəallığın da davam etdirilməsi qeyri-mümkündür. İnsanların çalışması, hərəkəti əlavə dəyərin yaranması, iqtisadi artım deməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin ödənilməsi proqramına iki ay ərzində 87,7 milyon manat (7 iyun tarixinə olan məlumat) vəsait xərclənmişdir. 

Həmçinin fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrasına 60.8 milyon manat vəsait ayrılmışdır. Ümumilikdə, Azərbaycanda 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

İndiki mərhələdə pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərəri konkret rəqəmlərlə (operativ statistik məlumatın olmaması və pandemiyanın davam etməsi səbəbindən) ifadə etmək çətindir. Karantin rejiminin tətbiq olunması ilə iaşə, nəqliyyat, turizm və digər qarşılıqlı fəaliyyət sahələri ciddi mənfi təsirə məruz qalmışdır. Ən çox təsirə məruz qalan sahələrdən biri mikro və kiçik biznesdir.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və insanların hərəkət intensivliyini minimallaşdırmaq məqsədilə biznes sektoruna tətbiq edilən  məhdudiyyətlər makroiqtisadi göstəricilərə mənfi təsir göstərdi. Sərt karantin rejiminin tətbiq olunduğu aprel ayında məhsul və xidmətlər istehsalı kəskin şəkildə azaldı. 2020-ci ilin məhsul və xidmət istehsalının aylar üzrə dəyişməsinə nəzər salsaq, aprel ayında kəskin azalma müşahidə etmiş olarıq. Belə ki, cari ilin əvvəlki ayları ilə müqayisədə, mart-aprel aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalında geriləmə olmuşdur. 

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə9574,2 milyon manat vəsait daxil olmuş, büdcədən 7267,7 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 2306,5 milyon manatlıq profisit yaranmışdır. 2020-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,6%, xərcləri isə 0,7% artmışdır.  Büdcənin icrasında yaranmış profisit ÜDM-in 10,3%-nə bərabər olmuşdur.

Mart ayında 1,5 milyard manat vəsait neft fondundan transfert olunmuşdur. Ümumilikdə bu ilin yanvar ayı ilə müqayisədə, aprel ayında büdcə gəlirləri 3,1% azalmış, xərcləri isə 43,4% artmışdır. Neft fondundan transferti nəzərə almasaq gəlirlərin daha çox azalmış olduğunu görə bilərik.

Cari ilin yanvar-aprel aylarında büdcə vəsaitlərinin 18,1%-i təhsil və səhiyyənin, 17,8%-i sosial müdafiə və sosial təminatın, 17,8%-i ümumi dövlət xidmətlərinin, 16,5%-i iqtisadi fəaliyyətin, 11,3%-i müdafiə və milli təhlükəsizliyin, 18,5%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənmişdir.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək. Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

Dünya Bankı Azərbaycanla bağlı açıqlamasında göstərir ki: “Ölkənin valyuta ehtiyatları (təqribən ÜDM qədər) və xarici borcunun az olması iqtisadi fəallığı bərpa etmək üçün imkanlar açır. Lakin məzənnəyə təzyiq artarsa və ya makroiqtisadi siyasət dəyişərsə iqtisadi böhran daha da dərinləşə bilər. Bundan əlavə, maliyyə sektorundakı mövcud risklərin aradan qaldırılması üçün elmi əsaslandırılmış tədbirlər həyata keçirilməlidir.

Hazırda dövlətlər (hökumətlər) insanların sağlamlığını qorumaqla yanaşı, böhrandan daha az zərərlə çıxmaq, iqtisadi fəallığı daha qısa müddətdə bərpa etmək üçün müxtəlif tədbirlər həyata keçirir, fundamental iqtisadi araşdırmalara əsaslanan proqram və konsepsiyalar hazırlayırlar. Azərbaycan dövləti də pandemiya dövrünü az zərərlə başa vurmaq (pandemiyanın bitməsi ilə bağlı qeyri-müəyyənlik davam edir) və post-pandemiya dövründə iqtisadi fəallığı daha qısa müddətdə bərpa etmək üçün yollar axtarır. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanına əsasən, sahibkarlara dövlət zəmanəti ilə kredit alınması və kreditlər üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması, fors-major hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrası möhlətinin uzadılması kimi əlverişli şərtlər yaradılmışdır.

Allahyar Muradov, AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: