Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.08.2020 15:00
  • A-
  • A
  • A+

Su ehtiyatlarından səmərəli istifadəyə dair alimlərin qarşısında duran vəzifələr müzakirə olunub

Su ehtiyatlarından səmərəli istifadəyə dair alimlərin qarşısında duran vəzifələr müzakirə olunub

Avqustun 14-də AMEA-nın Yer Elmləri Bölməsinin Elmi Şurasının onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, şuranın sədri, akademik İbrahim Quliyev, Elmi Şuranın üzvləri, bölməyə daxil olan müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda ölkə başçısının 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrlə bağlı məsələlər müzakirə olunub.

Tədbiri akademik İbrahim Quliyev açaraq sözügedən sənədə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın təsdiq olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların miqdarının azalması, kənd təsərrüfatının inkişafı, əhalinin sayının artması ilə içməli suya olan təlabatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Akademik ölkə başçısı tərəfindən təsdiq olunan Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həllinə AMEA alimlərinin də cəlb edildiyini söyləyib. Diqqətə çatdırıb ki, akademiyanın mütəxəssisləri alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, eləcə də “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsinin hazırlanması ilə bağlı təkliflər hazırlamalıdır.

Daha sonra iclasda akademiklər - Fəxrəddin Qədirov, Ramiz Məmmədov, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Qurban Yetirmişli, Dadaş Hüseynov, Tələt Kəngərli, Qərib Calalov, professor Rüfət Məmmədov, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov və digərlərinin iştirakı ilə geniş müzakirələr aparılıb. Müzakirələr zamanı hələ 30 il bundan öncə quraq ərazilərə düşən yağıntıların miqdarının azalacağı ilə bağlı proqnozların verildiyi və BMT-nin ətraf mühit proqramı çərçivəsində 2016-cı ildə hazırlanan hesabatın bunu təsdiqlədiyi bildirilib. Vurğulanıb ki, bu gün suya olan təlabatın ödənilməsi üçün nəzərdə tutulan su anbarlarının yaradılması prosesinə AMEA alimləri də cəlb edilməli, ərazinin müəyyən olunması, eləcə də geoloji və tektonik quruluşunun öyrənilməsi işlərində yaxından iştirak etməlidirlər.

İclas zamanı diqqətə çatdırılıb ki, bölmənin Geologiya və Geofizika, Coğrafiya institutlarında və Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycanın yeraltı su ehtiyatları, göllərin ekoloji monitorinqi və Taxtakörpü su anbarının mövcud vəziyyəti ilə bağlı tədqiqatlar aparılıb.

Bundan əlavə, suyun keyfiyyəti və idarə olunması, təkrar emalı, alternativ su mənbələrinin axtarışı zamanı ekologiyaya ziyan vurulmasının qarşısının alınması istiqamətində ciddi işlərin aparılmasının zəruriliyi vurğulanıb.

İclasda şura üzvlərindən ibarət İşçi Qrup yaradılıb, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanaraq Rəyasət Heyətinə göndərilməsi qərara alınıb.

Sonda AMEA-nın Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişikliklər edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: