Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.08.2020 12:50
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu Hirkan Milli Parkı ilə əməkdaşlıq edəcək

Dendrologiya İnstitutu Hirkan Milli Parkı ilə əməkdaşlıq edəcək

AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran-Astara bölgəsində elmi ekspedisiyada olublar.

Müəssisənin Herbari və toxumçuluq laboratoriyasının əməkdaşları tərəfindən Hirkan dendroflorasının müasir vəziyyəti elmi əsaslarla araşdırılıb, təbii və mədəni bitkilər fəsilə, cins və növlərə görə müqayisəli təhlil edilib. Həmçinin Lənkəran, Astara və Lerik rayonlarının ərazilərində “DJI Phantom 4 DRON” vasitəsilə kosmik fəza çəkilişləri və dəqiq koordinatların təyini üçün CPS-dən istifadə etməklə monitorinqlər aparılıb. Yerli və xarici floraya aid 93 ağac, 46 kol, 3 kolcuq, 7 yarımkol, 8 lian olmaqla, bitki növlərindən 450 ədəd herbari nümunələri toplanılıb.

Ekspedisiya zamanı bitkilərin ümumi yayılma arealları APG III-IV sistemləri üzrə qruplaşdırılıb, taksonomik tərkibi təhlil olunub. Müəyyən olunub ki, tədqiq edilən ərazi flora biomüxtəlifliyi baxımından çox zəngindir. Bundan başqa, ərazinin torpaq və bitki örtüyünün formasiyaları üzrə növ tərkibi, quruluşu elmi əsaslarla müəyyən olunub, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, relyefi, yayılma arealları kompleks şəkildə öyrənilib.

Bəzək memarlığı laboratoriyasının əməkdaşları Lənkəran-Astara bölgəsinin mədəni dendroflorasının taksonomik tərkibi və müasir yaşıllaşdırmada istifadəsi üzrə tədqiqatlar aparıblar. Ərazidən 55 növdən ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi təyin edilib, bitkilərin kompozisiyalarda dekorativ əlamətlərinə görə istifadəsi, qruplaşdırılması, kiçik memarlıq formalarının istifadə qaydaları öyrənilib.

Dendrоxrоnоlоgiyа laboratoriyasının əməkdaşları isə Hirkan florasının meşə ekosistemlərində dominantlıq təşkil edən edifikator növlərin yaş strukturuna əsasən dendroxronoloji təhlilini aparıb və 6 növ ağacdan nümunələr götürüblər.

Bitkilərin mühafizəsi laboratoriyası tərəfindən iqlim dəyişiklikləri şəraitində Azərbaycanın meşə landşaftlarının biomüxtəlifliyinin taksonomik quruluşu, meşələrdə karbon ehtiyatlarının yanğınlara, həşərat hücumlarına və daşqınlara təsir mexanizmi tədqiq olunub. Əməkdaşlar tərəfindən götürülmüş nümunələr üzərində təyin, təhlil və tədqiqatlar laboratoriya şəraitində davam etdiriləcək.

Ekspedisiya zamanı Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Hirkan Milli Parkının direktoru Azər Mirzəyev birgə elmi tədqiqatların aparılması məqsədilə əməkdaşlığa dair müqavilə imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: