Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.09.2020 11:01
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda pandemiya dövründə elmi fəaliyyətin perspektiv planları müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda pandemiya dövründə elmi fəaliyyətin perspektiv planları müzakirə olunub

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Qurumun pandemiya şəraitində fəaliyyətinin perspektiv məsələlərinin müzakirəsinə həsr olunan tədbirdə laboratoriya və şöbə rəhbərləri iştirak edib.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi davam etsə də, müəssisə əməkdaşları öz fəaliyyətlərini qoyulan tələbləri gözləməklə həyata keçirirlər: “Operativ Qərargah və AMEA Rəyasət Heyətinin sərəncam və göstərişləri nəzərə alınmaqla, əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilərək növbəlilik qaydasına əsasən işə cəlb ediliblər. Yaşı 65-dən yuxarı olan laboratoriya və şöbə rəhbərləri həftədə 2 dəfə işə çıxmaqla elmi tədqiqatların həyata keçirilməsinə rəhbərlik edirlər. Həftənin digər günlərində isə onlayn idarəetmə ilə işlərə nəzarəti təmin edirlər”.

V.Fərzəliyev qeyd edib ki, AMEA və onun elmi tədqiqat institutlarının 2020-2025-ci illər üzrə inkişaf konsepsiyasında nəzərdə tutulan konkret hədəflərə çatmaq üçün elmi tədqiqat institutu olaraq daha çox çalışmalı, akademik elmə, ümumilikdə ölkəmizin iqtisadiyyatına, cəmiyyətə töhfə verməliyik.

İnstitut direktorunun sözlərinə görə, qurumda elmi-tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün, ilk növbədə elmi işçilərin məsuliyyətini artırmaq lazımdır: “Laboratoriya rəhbərləri əməkdaşların tapşırılan işi vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarət etməlidir. Eyni zamanda, onların gələcəkdə müstəqil şəkildə elmi tədqiqatla məşğul ola bilməsi üçün bilik və bacarıqlarının artırılmasına diqqət yetirilməlidir”.

Akademik institutda əməkdaşların elmi fəaliyyətinin qiymətləndirilməsinin aparıldığını da diqqətə çatdırıb. Vurğulayıb ki, həm laboratoriyaların 2015-2019-cu illər üzrə 5 illik, həm də elmi işçilərin fərdi şəkildə fəaliyyətinin qiymətləndirilməsi aparılaraq bal-reytinq siyahısı müəyyənləşdirilib: “Laboratoriyaların akreditasiyası, işçilərin attestasiyası zamanı reytinq siyahısı əsas götürüləcək. Bu proses 2020-ci il üçün də həyata keçiriləcək. Ona görə də, elmi işçilər dünya elminə inteqrasiya etməli, nüfuzlu jurnallarda məqalə çapına, beynəlxalq konfranslarda məruzələr etməyə maraq göstərməli, bir sözlə, öz elmmetrik göstəricilərini yaxşılaşdırmaq üzərində fəal iş aparmalıdırlar”.

Sonda V.Fərzəliyev əlavə edib ki, dünya elminin müasir çağrışları və ölkə iqtisadiyyatının mövcud tələbləri nəzərə alınmaqla fundamental nəzəri və tətbiqi elmi tədqiqatlar və yüksəkixtisaslı kadr hazırlığı həyata keçirən elmi müəssisə kimi ehtiyac yaranarsa strukturlar və onların fəaliyyət sahələri yenidən nəzərdən keçiriləcək, müvafiq optimallaşdırılma və təkmilləşdirilmə tədbirləri icra olunacaq.

İclasda institutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov, Kadrlar şöbəsinin müdiri Rəfiqə Məmmədova, laboratoriya müdiri və institut Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov, baş elmi işçilər – k.e.d., dosent Elmira Nağiyeva, k.e.d. Sabira Sərdarova və digərləri gündəlikdə duran məsələrlə bağlı öz rəy və təkliflərini səsləndiriblər, fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: