Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2014 00:00
  • A-
  • A
  • A+

“Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” adlı elmi, ədəbi-bədii tədbir keçirilib

“Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” adlı elmi, ədəbi-bədii tədbir keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) böyük şair və dramaturq Hüseyn Cavid və görkəmli tənqidçi alim, akademik Məmməd Arif Dadaşzadənin yaradıcılığına həsr olunmuş “Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” adlı elmi, ədəbi-bədii tədbir keçirilib.

“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyi və MEK-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən İctimai Birliyin sədri Sevda Cəfərova tədbirin mövzusu ilə bağlı əsas məqamlara toxunub. Hər iki görkəmli şəxsiyyətin həyatında və taleyində kəsişən anları xatırladıb.

Tədbirdə professor Tahirə Məmmədi “Bədii və ədəbi-nəzəri yaradıcılıqda ictimai-siyasi quruluşa münasibət problemi”, professor Cəlal Qasımov “Totalitar mühit və milli ziyalı düçüncəsi”, professor Asif Rüstəmli “Məmməd Arif Dadaşzadənin fəaliyyəti arxiv materiallarında” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində Əməkdar incəsənət xadimləri, bəstəkar Rəşid Şəfəq və müsiqişünas Zümrüd Dadaşzadə H.Cavid və M.Arif yaradıcılığında musiqinin yerindən, həmçinin bu il 95 yaşı tamam olmuş bəstəkar Ərdoğan Cavidin əsərlərindən söz açıblar. Daha sonra Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Eyyub Yaqubov, Bakı Musiqi Akademiyasının dosenti Məleykə Əhədzadə, Famil Əliyev və digər musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Gənc pianoçu Vurğun Vəkilov ilk dəfə Ə.Cavidin anası Mişkinaz xanıma ithaf etdiyi “Naxçıvan mənzərələri” silsiləsindən olan pyeslər ifa edib.

Tədbir çərçivəsində, həmçinin H.Cavid və M.Arifin həyatı, zəngin və çoxcəhətli yaradıcılığının müxtəlif aspektlərini əks etdirən fotoslaydlar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: