Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.09.2020 19:06
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasın gündəliyində yer alan bir sıra elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib. Akademik Ramiz Mehdiyev bildirib ki, iclasda AMEA Rəyasət Heyətinin kadr potensialının gücləndirilməsi, müasir qloballaşma şəraitində virtual mühitdə milli kontentin inkişaf etdirilməsi, xalqımızın tarixi, ədəbi, mədəni irsinin qorunub saxlanılması və geniş təbliği, prioritet və aktual elmi istiqamətlər üzrə kompleks proqramların qəbul edilməsi, dünyanın nüfuzlu qurumları ilə qarşılıqlı elmi əməkdaşlıq kontekstində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, AMEA-nın elmi müəssisələrinin strukturunun və elmi kadr hazırlığı sisteminin daha da təkmilləşdirilməsi, görkəmli alimlərin yubileylərinin qeyd edilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. 

Gündəlikdə yer alan məsələlərin müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş görkəmli alimlərə mükafatlar təqdim olunub. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademik Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adının vəsiqəsini və döş nişanını, AMEA-nın müxbir üzvü Şahbaz  Muradova  “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”nu və eləcə də AMEA-nın Fəxri fərmanını təqdim edib.

İclasda AMEA Rəyasət Heyətinin qərarı ilə tibb sahəsi üzrə görkəmli alim-onkoloq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev və AMEA Şərqşünaslıq İnstitutunun direktoru, görkəmli şərqşünas alim, akademik Gövhər Baxşəliyeva AMEA Rəyasət Heyətinin üzvü vəzifəsini icra edən təyin ediliblər.  

Sonra söz AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqova verilib. O, gündəlikdə yer alan məsələlərlə iclas iştirakçılarını tanış edib. Akademik-katib bildirib ki, iclasda müzakirəsi nəzərdə tutulan məsələlər müasir şəraitdə akademiyanın strukturunun və idarəetməsinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı, görkəmli Azərbaycan alimlərinin elmi nailiyyətlərinin və elmin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, iclasda müzakirəsi nəzərdə tutulan ilk elmi-təşkilati məsələ AMEA Rəyasət Heyəti aparatının strukturuna dair bəzi təkliflər haqqındadır. Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, AMEA Rəyasət Heyətinin struktur bölmələrini özündə birləşdirən, onların cari işini təşkil edən və AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini öz səlahiyyətləri daxilində əlaqələndirən AMEA Rəyasət Heyətinin aparatı qarşısında həm akademiya, həm də respublika miqyasında elmi və elmi-təşkilati proseslərin idarə olunması baxımından mühüm vəzifələr dayanır. Ona görə də onun təşkilati strukturunun, kadr potensialının, vəzifə və funksiyalarının müəyyənlədirilməsində akademik və kollegial idarəetmə prinsipləri, o cümlədən mütərəqqi beynəlxalq təcrübə əsas götürülməlidir. Akademik Rasim Əliquliyev qeyd olunan istiqamətdə bir sıra konkret təkliflərini iclas iştirakçılarının nəzərinə çatdırıb.

Gündəlikdə yer alan digər məsələ, “AMEA Rəyasət Heyətinin nəzdində Virtual Elektron Fəaliyyət Cəmiyyətinin təsis edilməsi” haqqında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Qeyd edib ki, Azərbaycanda cəmiyyətin modernləşdirilməsi istiqamətində uğurla həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini “Virtual Azərbaycan”ın formalaşdırılması təşkil edir. “Virtual Azərbaycan”ın formalaşdırılmasında AMEA-nın üzərinə mühüm vəzifələr düşür. Bu istiqamətdəki fəaliyyətin daha effektiv qurulması, pərakəndəliyin aradan qaldırılması, həyata keçirilən işlərin vahid mərkəzdən koordinasiyası və onların daha sistemli təşkili məqsədilə müstəqil qurumun yaradılmasına ehtiyac vardır. Məsələ geniş müzakirə olunduqdan sonra AMEA Rəyasət Heyətinin nəzdində ictimai əsaslarla Virtual Elektron Fəaliyyət Cəmiyyətin təsis edilməsi haqqında qərar qəbul edilib. AMEA prezidentinin köməkçisi, fəlsəfə elmləri doktoru Ələddin Məlikov ictimai əsaslarla AMEA Rəyasət Heyətinin nəzdində Virtual Elektron Fəaliyyət Cəmiyyətinin sədri təyin edilib.

“AMEA-nın Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi” və “AMEA-nın Neft və Qaz İnstitutunun Neftin goekimyası laboratoriyasının Geologiya və Geofizika İnstitutunun tərkibinə keçirilməsi” ilə bağlı məsələlər haqqında AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev məlumat verib. Məsələlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.

İclasda müzakirə olunan digər məsələ “Hüceyrə texnologiyalarının inkişafı proqramı” barədə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, AMEA Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli qərarı ilə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan Biofizika İnstitutuna hüceyrə texnologiyalarının inkişaf proqramının hazırlanması tapşırılıb. Ötən müddət ərzində AMEA-nın Biofizika İnstitutu tərəfindən proqram hazırlanmış və nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün lazımi avadanlıq, cihaz və kimyəvi reaktivlərin siyahısı tərtib edilmişdir.

Sonra AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov hüceyrə texnologiyalarının inkişaf proqramını təqdim edərək bildirib ki, son onillikdə təbiətdə baş verən sürətli dəyişikliklərə vaxtında cavab verilməsi üçün yeni innovativ texnologiyaların yaradılması zəruridir. Yaranan yeni şərait tibbi-biologiyanın qarşısında yeni-yeni problemlər qoyur və bunlara adekvat cavab verilməlidir. Tibbi problemlər çoxfaktorlu və mürəkkəb olduğundan onların həllində molekulyar və hüceyrə texnologiyaları, gen və zülal mühəndisliyi mühüm rol oynayır.

AMEA Rəyasət Heyətinin üzvü, akademik Cəmil Əliyev, AMEA-nın Biofizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Azərbaycan Tibb Universitetinin prorektoru, biologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, AMEA-nın Biofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Kərim Qasımov, Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova, Biofizika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Flora Mehrəliyeva proqramın müzakirəsində yaxından iştirak ediblər.

Geniş müzakirələrdən sonra AMEA-nın Biofizika İnstitutu tərəfindən hazırlanmış “Hüceyrə texnologiyalarının inkişafı proqramı” təsdiq edilib.

İclasda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransının, həmçinin Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün E-infrastrukturlar” mövzusunda beynəlxalq konfranslarla bağlı məsələlər də geniş müzakirə edilib, hər iki beynəlxalq tədbirin keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.  

İclasda dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Berkli Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında məsələ müzakirə edilib. Həmçinin görkəmli riyaziyyatçı alim, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin 70 illik yubileyinin qeyd edilməsi haqqında məsələyə baxılıb. Məsələlər haqqında müvafiq qərarlar qəbul olunub.

Sonra çıxış edən AMEA-nın akademik-katibi Əminağa Sadıqov iclasın gündəliyində yer alan “AMEA-nın regional elmi tədqiqat və təcrübə-sınaq bazalarına məxsus əmlakın inventarlaşdırılmasının nəticələri haqqında” məlumat verib. Məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

İclasda bir sıra məsələlərin müzakirəsində AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova da rəy və təklifləri ilə yaxından iştirak ediblər.        

Sonda kadr məsələsinə baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova AMEA-nın Dendrologiya İnstitutunun elmi katibi təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: