AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.
Tədbirdə müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov AMEA-nın təklifi əsasında AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi qaydası” barədə geniş məlumat verib. Qeyd olunub ki, pilot layihə özünü doğruldarsa, akademiyanın digər institutlarında da tətbiq ediləcək və bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivinin üzərinə böyük məsuliyyət düşür. Müvafiq dövlət qurumları ilə razılaşdırılmış sözügedən qərar layihəsini AMEA-nın müxbir üzvü Akif Musayev, professor Müşfiq Atakişiyev və dosent Allahyar Muradov yüksək qiymətləndirib, görüləcək işlərlə bağlı təkliflərini səsləndiriblər.
Sonra N.İmanovun təklifi ilə AMEA-nın İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Mərkəz dövlət qurumları ilə əməkdaşlıq etməklə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə sahəvi və kompleks proqramlar hazırlayacaq.
Elmi şurada çıxış edən alimlər də bu təşəbbüsü dəstəkləməklə yanaşı, işğaldan azad olunan rayonlarda həyatın yenidən qurulmasının və onların sosial-iqtisadi inkişafının əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdən sonra Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri və İnnovasiya menecmenti və elmin inkişafı problemləri şöbələrinin bazasında Biznes mühiti və innovasiya sahibkarlığı problemləri şöbəsinin yaradılması qərara alınıb.
Bundan əlavə, akademik Ziyad Səmədzadənin və AMEA-nın müxbir üzvü Şahbaz Muradovun 80 yaşı münasibətilə akademiyanın Rəyasət Heyətinin qərarı əsasında beynəlxalq elmi konfransların keçirilməsi və müvafiq təşkilat komitəsinin yaradılması barədə qərar qəbul olunub.
İclasda fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantların fərdi iş planları da təsdiqlənib.
Tədbirdə müəssisə alimlərinin bu il çap olunmuş yeni kitabları haqqında da məlumat verilib. Habelə i.f.d. Dağbəyi Allahverdiyevin “Dünya iqtisadiyyatı: iqtisadi mənafelər, mövcud reallıqlar və perspektivlər” adlı monoqrafiyası çapa tövsiyə olunub.
Sonda institutun əməkdaşları professor Rauf Cəbiyevi 85, Gülşən Yüzbaşıyevanı 60 illik yubileyləri münasibətilə təbrik ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.