AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın I kurs magistrantları ilə onlayn görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd cari ilin tədris prosesində distant təhsilin təşkili, magistrantların onlayn dərslərə qoşulma məsələləri və pandemiya şəraitinin tələblərinə uyğun təhsilin davamlılığının təmin edilməsi olub.
İclasda idarənin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Magistratura şöbəsinin müdir müavini Ramin Həsənov və AMEA-nın I kurs magistrantları iştirak ediblər.
Görüşü Fail Kazımov açaraq tələbələri şanlı ordumuzun qazandığı qələbələr münasibətilə təbrik edib. O, ordumuzun Dağlıq Qarabağda həyata keçirdiyi zəfər yürüşünün dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb.
İdarə rəisi AMEA-da magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və akademiyanın rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, bütün bu görülən tədbirlərin məntiqi nəticəsidir ki, gənclərin akademiyaya, elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olmaq istəyənlərin sayı ildən-ilə çoxalır, builki nəticə də buna sübutdur. Natiq bildirib ki, 2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına 13 ixtisas 40 ixtisaslaşma üzrə 56 nəfər qəbul olub. Bu da cari ildə AMEA-nın magistraturasına ayrılmış plan yerlərinin 95%-ni təşkil edir.
AMEA-da builki tədris prosesinə 5 akademik, 19 AMEA-nın müxbir üzvü, 66 elmlər, 127 fəlsəfə doktorunun cəlb edildiyini deyən idarə rəisi tələbələrə bu imkanlardan maksimum istifadə etməyi tövsiyə edib.
F.Kazımov tələbələri koronovirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə əməl etməyə çağıraraq, dövlətimizin bu istiqamətdə olan tövsiyələrinə və göstərişlərinə əməl etməyin vacibliyini vurğulayıb.
Görüşdə idarənin rəis müavini Hüseyn Hüseynov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı şanlı qələbələr münasibətilə tələbələri təbrik edib. Natiq tələbələrə ölkədə elan edilmiş hərbi vəziyyətlə əlaqədar təsdiqini tapmamış məlumatları və cəbhə bölgəsində çəkilmiş şəkilləri sosial şəbəkələrdə paylaşmamağı tövsiyə edib. O bildirib ki, əsgərlərimizin təhlükəsizliyi baxımından bu, olduqca vacibdir.
Sonra Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev tədris prosesinin gedişi haqqında məlumat verərək tələbələri cari tədris məsəlləri ilə bağlı bir sıra zəruri metodiki xarakterli məlumatlarla tanış edib.
Daha sonra Doktorantura və dissertantura şöbəsinin müdiri Ömər Gülalov doktoranturaya və dissertanturaya qəbul imtahanlarında AMEA-nın magistrlərinin əla nəticə göstərmələri barədə danışıb və bunun akademiyada tədris prosesinin yüksək səviyyədə aparıldığının bariz nümunəsi olduğunu bildirib.
Onlayn görüşün sonunda magistrantların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.