Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.11.2020 14:32
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda şanlı qələbəmiz qeyd olunub

Genetik Ehtiyatlar İnstitutunda şanlı qələbəmiz qeyd olunub

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) şanlı Qarabağ zəfərinə həsr olunan ümumi yığıncaq keçirilib.

İclasda müəssisənin əməkdaşları, o cümlədən regionlarda yerləşən elmi tədqiqat bazalarının (Qarabağ, Lerik, Tovuz, Quba) nümayəndələri iştirak ediblər.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açaraq GEİ-nin kollektivini möhtəşəm qələbə münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 30 ilə yaxın bir müddətdə erməni qəsbkarları tərəfindən işğal altında saxlanılan qədim yurd yerlərimizi azad edib və Azərbaycan xalqının gücünü və qüdrətini özünə qaytarıb. Z.Əkpərov bu sevincli günü xalqımıza yaşatdığına görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan ordusuna və həmçinin ölkəmizə daima mənəvi dəstək olan qardaş Türkiyə Cümhuriyyətinin rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, qələbə münasibətilə AMEA-nın, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin təbriklərini yığıncaq iştirakçılarına çatdırıb. 

Tədbirdə institutun Azad Həmkarlar Təşkilatının sədri, b.ü.f.d. H.Sadiqov, elmi işlər üzrə direktor müavini, b.ü.f.d. M.Abbasov, şöbə müdirləri -  b.e.d. prof. N.Əminov, b.e.d. A.Əsgərov, b.ü.f.d. V.Qarayev, b.ü.f.d. S.Həsənov, elmi tədqiqat bazalarının müdirləri və digər əməkdaşlar çıxış edərək müzəffər ordumuzun rəşadətindən, həmçinin Azərbaycan diplomatiyasının uğurlarından danışıblar.

Bundan əlavə, müəssisənin Şuşa, Xocalı, Zəngilan, Cəbrayıl və digər rayonlardan olan əməkdaşları sevinclərini bölüşüb, döyüşdə yaralanan əsgərlərə Allahdan şəfa, şəhid olanlara isə rəhmət diləyiblər. 

Daha sonra GEİ-nin alimləri və gənc mütəxəssisləri qurumun Qarabağ Elmi Tədqiqat Bazasının dağıdılmış infrastrukturunun bərpa edilməsi, tədqiqatların genişləndirilməsi, işğaldan azad olunan ərazilərdə institutun yeni dayaq məntəqələrinin yaradılması, aqro-biomüxtəlifliyin təftişi üçün elmi ekspedisiyaların təşkili və digər tədbirlərin həyata keçirilməsini təklif ediblər.

Sonda kollektiv tərəfindən verilən təkliflərin nəzərə alınacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: