Dekabrın 22-də Rəyasət Heyətində AMEA ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
İmzalanma mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə son zamanlar ölkəmizdə elm sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, memorandum elmi-innovativ yeniliklərin istehsalata, xüsusilə metallurgiya sənayesinə tətbiqi, həmçinin iki qurum arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Elmin müxtəlif sahələrində yeni texnologiyaların tətbiq olunduğunu xatırladan AMEA prezidenti yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkib.
Sonra əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi AMEA prezidenti, akademik Akif Əlizadə və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov imzalayıblar.
Memorandumda Daşkəsən ərazisində mövcud dəmir filizi ehtiyatlarının araşdırılması və digər təbii ehtiyatların geoloji tədqiqi, dağ-mədən və metallurgiya sənayesi üzrə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi, müxtəlif sahələr üzrə yeni texnologiyaların araşdırılması və tətbiqi, birgə elmi-tədqiqatların aparılması, layihələrdə iştirak və s. nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.