Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının sabiq direktoru Sevil Zülfüqarova Rəyasət Heyətinin 24 noyabr 2020-ci il tarixində AMEA-nın rəsmi saytında yayımlanmış bəyanatına cavab olaraq özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsilə Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevə gülünc məzmunda məktub ünvanlamışdır.
AMEA Rəyasət Heyətinin adından Sevil Zülfüqarovanın nəzərinə çatdırırıq ki, akademiya sistemində bir-birilə qohumluq əlaqələrinə malik şəxslərin işləməsi tamamilə təbii və qanunauyğundur. Akademiyada çoxsaylı elmi-tədqiqat institutlarının olmasını, kollektivin sayının 11 mindən artıq olduğunu nəzərə alaraq, bu qədər insanlar arasında qohumluq hallarına rast gəlinməsi normaldır. Anormal və qanunsuz olan hal bir şəxsin vəzifə başına keçdikdən qısa müddət sonra təqaüd yaşındakı, pandemiya səbəbindən faktiki işə çıxması qadağan edilən qayınanasını, əyani şöbədə təhsil alan qızını və bacısı qızlarını, bacısının həyat yoldaşını öz rəhbərlik etdiyi quruma işə düzəltməsidir. Sevil Zülfüqarovanın nəzərinə çatdırırıq ki, qanun bu cür halları birmənalı şəkildə qadağan edir. Qanunda hansısa tələbənin 600 bal, yaxud 700 bal topladığı təqdirdə əyani şöbə üzrə ali təhsil aldığı müddət ərzində əmək fəaliyyətilə məşğul olması da məqbul hesab edilmir. İkinci və üçüncü kurs tələbələri öz sahələrinin peşəkarları deyildir və onların bu sahədə mütəxəssis hesab edilməsi üçün ən azından bakalavr diplomu alması tələb olunur. Sevil Zülfüqarova bu elementar məsələləri heç olmasa 8 ay kitabxanaya rəhbərlik etdiyi dövrdə öyrənməyə borclu idi. Onun II kurs tələbəsi olan bacısı qızını mühasibatlıq kimi səriştə və təcrübə tələb edilən şöbədə işə düzəltməsi, gənc və perspektivli kadrlar əvəzinə təqaüddə olan qayınanasını işə cəlb etməsi yolverilməz haldır. Rəyasət Heyəti kitabxananın yeni rəhbərliyinə bu şəxslərlə qanunsuz olaraq imzalanmış əmək müqavilələrinə xitam verilməsini tövsiyə edir. AMEA-nın heç bir qurumu ona rəhbərlik edən şəxsin ailə təsərrüfatı deyildir və ola da bilməz.
Çox təəssüf ki, Sevil Zülfüqarova öz məktubunda törətdiyi əməllərə görə nəinki üzr istəməyi lazım bilmir, hətta bütün etik çərçivələri aşaraq Rəyasət Heyətinin üzvlərinə onun sağalmasını gözləməyi və yalnız bundan sonra qərar qəbul etmək lazım olduğuna dair göstəriş də verir. Əvvəla, Rəyasət Heyətinin iclasında Sevil Zülfüqarovanın özünün rəsmi ərizə ilə müraciəti əsasında yaradılan və iki aya yaxın Mərkəzi Elmi Kitabxanada yoxlama aparmış komissiyanın arayışı müzakirə olunmuşdur. İkinci isə AMEA Rəyasət Heyəti Sevil Zülfüqarova kimi akademiyanın nüfuzuna ləkə gətirən şəxslərin bir gün belə olsun bu sistemdə qalmasını məqbul hesab etmir. Sevil Zülfüqarovanın diqqətinə çatdırırıq ki, şəxsin xəstələnməsi onu törətdiyi əməllərin məsuliyyətindən qətiyyən azad etmir.
AMEA rəhbərliyi bir daha Sevil Zülfüqarovanı yol verdiyi kobud nöqsanlar haqqında ciddi-ciddi düşünməyə, islah olmağa, ona etimad göstərmiş Rəyasət Heyəti üzvlərindən, həmçinin MEK-in əməkdaşlarından üzr istəməyə və mənasız bəhanələrlə özünə bəraət qazandırmamağa dəvət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.