Çinin Hebey əyalətinin Sionqan Yeni Rayonunda 24-cü Beynəlxalq İstedad Mübadiləsi konfransı keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi Beynəlxalq konfransın təntənəli açılış mərasimində çıxış edib.
Azərbaycanla Çin arasında əlaqələrin qədim dövrlərdən Böyük İpək Yolu vasitəsilə yaradıldığını qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi “Yeddi gözəl” poemasında Çin motivləri əsasında da maraqlı obraz yaratmışdır.
Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan AMEA rəhbəri bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ilə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın hərtərəfli və geniş miqyasda inkişaf etdirildiyini diqqətə çatdırıb. Bu münasibətlər sayəsində elm istiqamətində də əlaqələrə geniş meydan açıldığını deyən akademik İsa Həbibbəyli elm-texnika və humanitar sahələrdə əməkdaşlığın dərinləşdiyini, artıq elmi mübadilənin əhəmiyyətli nəticələrinin özünü göstərdiyini vurğulayıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və bir sıra digər elmi qurum və universitetlər arasında imzalanmış anlaşma memorandumlarının praktiki nəticələr verdiyini, eyni zamanda AMEA-nın müxtəlif elmi-tədqiqat institutları ilə bir sıra tədqiqatlar aparıldığını və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyinə və elmi əməkdaşlığın yeni səhifələrinin yazılacağına inamını ifadə edən akademik İsa Həbibbəyli çıxışında İctimai və humanitar elmlər üzrə süni intellekt və rəqəmsal inkişaf sahəsində yeni perspektivlərin açıldığını qeyd edib.
Beynəlxalq elmi konfransın açılış mərasimində həmçinin Sionqan Yeni Rayonu İnzibati Komitəsinin baş icraçı direktoru və Çin Sionqan Qrupunun sədri Vu Bo, Hebey əyaləti Xalq hökumətinin vitse-qubernatoru Gao Daçun, Çin Elmlər Akademiyasının vitse-prezidenti akademik Vanq Kıçianq, Çinin İnsan resursları və sosial təminat nazirinin müavini Yü Ciadonq, Çin Elmlər Akademiyasının xarici üzvü, Almaniya Elmlər Akademiyasını təmsil edən akademik Donald Dingvell çıxış ediblər.
Sonra beynəlxalq konfrans öz işini panel iclasları, şəbəkələşmə sessiyaları və elmi müzakirələrlə davam etdirib, həmçinin sahə ziyarətləri, təcrübə mübadiləsi aparılıb.
Akademik İsa Həbibbəyli beynəlxalq konfransda iştirak edən Avstriya, Tailand, Kanada Elmlər Akademiyalarının prezidentləri, Hebey Pedaqoji Universitetinin rektoru ilə görüşlər keçirib, elmi əməkdaşlıq əlaqələri müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.