Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2020 15:08
  • A-
  • A
  • A+

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Əbdürrəhim bəy Haqverdiyev və maarifçi realist ədəbiyyat” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Əbdürrəhim bəy XIX-XX əsr Azərbaycan tarixində həm millət təəssübkeşi, siyasi xadim, həm də mahir qələm ustadı kimi ad qazanıb. Vurğulayıb ki, görkəmli ədib ədəbiyyat salnaməmizdə dramaturgiya və satirik nəsrin, publisistikanın parlaq simalarındandır.

Xatirə Bəşirli Nizami muzeyinin maarifçilik əsri və “Molla Nəsrəddin” məktəbinə həsr olunan ekspozisiya zallarında Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli yaradıcılıq irsini, ömür yolunu tanıdan xüsusi guşənin yer aldığını da diqqətə çatdırıb.

Daha sonra muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Nizami muzeyinin ekspozisiyasında Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliği və təqdimi” mövzusunda məruzə ilə çıxış edib. O, ədibin xalqına bağlılığı, dramaturgiyası, satirik hekayə və publisistik əsərlərindən bəhs edib. Bildirib ki, Ə.Haqverdiyevin əsərlərinin bədii dil və üslub xüsusiyyətlərini, obrazlar qalereyasını yüksək qiymətləndirən professor Mir Cəlal Paşayev onu “yeriyən Azərbaycan” adlandırıb.

Sessiya muzey əməkdaşlarının Ə.Haqverdiyevin fəaliyyəti, həmçinin şəxsi əşyalarının tarixçəsi haqqında fikir mübadiləsi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: