Türkiyənin paytaxtı Ankarada Türk Tarix Qurumunun 17-ci konqresi keçirilib. Türkiyənin görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün 1932-ci ildə əsasını qoyduğu və iclaslarına daim qatıldığı qurultaya dünya üzrə 1000-dən artıq tarixçi, arxeoloq və dilçi-alim müraciət edib.
Konqresə ölkəmiz də daxil olmaqla Misir, Qırğızıstan, Qazaxıstan, Monqolustan, Özbəkistan, Makedoniya, Macarıstan, Rumıniya, Bosniya-Herseqovina və Rusiyadan olan tarixçi alimlər qatılıblar. Ölkəmizi tədbirdə AMEA, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetindən olan 28 əməkdaş təmsil edib.
Konqresin açılışı “Ankara Ticarət Odası Conqresi Mərkəzinin” “Anqora” salonunda baş tutub. Türkiyənin Dövlət Himni səsləndikdən sonra XVII Türk Tarix Konqresi Hazırlıq Komitəsinin rəhbəri Mehmet Ali Beyhan qurultayı açıq elan edərək ölkə Prezidenti Recep Tayyib Erdoğanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Sonra “Mustafa Kamal Atatürk Türk Tarix Qurumunun banisi” filmi nümayiş etdirilib, Türkiyə Dövlət Xorunun çıxışı səsləndirilib.
Qurultayın ikinci günü proqrama uyğun olaraq AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı, AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, AMEA Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə, Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə və başqaları bölmə iclasında “Osmanlı Devleti ile Kacarların Diplomatik ilişgileri (XIX yüzyıl)” mövzusu ilə bağlı çıxışlar ediblər. Bölmənin iclas sədri olan T.Həsənzadə təqdim etdiyi məruzəsinə görə şəhadətnamə ilə mükafatlandırılıb.
Səbinə Nemətzadə isə digər bölmə iclasında “Türk-islam Sanat tarihinde Yazma Eserler ve Nefis Tertibatlı, Nadide Bakü Elyazmaları” mövzusunda məruzəsini və qədim əlyazmaları əks etdirən slaydı təqdim edib. Məruzəçi “Orta Asiya və Kavkasya Tarihi” bölümündəki çıxışına görə qurultayın şəhadətnaməsi ilə mükafatlandırılıb.
Konqresin sonuncu günü bağlanış mərasimində çıxış edən Mehmet Ali Beyhan və Başbakan yardımçısı prof.dr. Numan Kurtulmuş qurultay iştirakçılarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, üç gün ərzində 24 seksiyada ümumilikdə 247 məruzə dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.