Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

22.01.2021 10:16
  • A-
  • A
  • A+

Son tunc dövründə Azərbaycanda aparılmış bir edamın tədqiqatının nəticələri açıqlanıb

Son tunc dövründə Azərbaycanda aparılmış bir edamın tədqiqatının nəticələri açıqlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitriy Aleksandroviç Kiriçenkonun “Azərbaycanın cənubunun qədim tayfalarında damğalama və dekapitasiya” adlı məqaləsi Rusiyanın “Ural önünün Perm Arxeologiya və Etnoqrafiya Muzeyinin xəbərləri” (Вестник Музея Археологии и Этнографии Пермского Предуралья) elmi jurnalının 10-cu sayında dərc edilib. 

Məqalədə Arvana 1 saylı kurqanından olan antropoloji material nəzərdən keçirilib. Kurqan Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə tərəfindən 2019-cu ilin avqustunda Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndi yaxınlığında aşkar edilib və tədqiq olunub. 

Kurqanın mərkəzində daş qutu tipli qəbir aşkar edilib. Daş qutu qəbirdə 8 keramik qab, tunc üzük, tunc xəncər və rapira tipli tunc qılınc tapılıb. Dəfn predmetləri Xocalı-Gədəbəy və Talış-Muğan arxeoloji mədəniyyətlərinə aid edilir.

D.A.Kiriçenko avropeoid irqinə mənsub hiperdolixokran kişi kəlləsini tədqiq edib. Kəllədə damğalama və dekaptasiya izləri qeyd olunub.

Kurqandan olan kəllənin alın sümüyünün arxa yan tərəfində 2 x 2,7 sm ölçülərində iki batıqlıq qeyd edilir. Mümkündür ki, bu zədələr sümüyün hansısa bir qızdırılmış predmetlə yandırılması nəticəsində əmələ gəlib. Mərkəzdə və sol tərəfdə alın nahiyəsində, gicgaha yaxın yerdə kəllədə çatlar görünür. Müəllifin sözlərinə görə, burada biz “damğalamanı” izləyə bilərik. Ehtimala görə, ölüm ərəfəsində və ya anında kişi bu prosedura məruz qalıb.

Diqqətlə baxdıqda batıqlıq, tərsə çevrilmiş üçdişli fiquru xatırladır. Ola bilsin ki, damğalayıcı predmet üçdişli alət idi. Təxmin etmək olar ki, damğalayan alət tunc qarmaq (“çəngəl”, üçdişli) olaraq, damğalamaq üçün daim istifadə olunurdu.

Alın sümüyündə bu zədələrdən başqa kəllədə dekapitasiya qeyd olunub. Dekapitasiya - canlı məxluqun başının kəsilməsini ehtiva edir.

1 saylı kurqandan olan kişi kəlləsinin alt özül hissəsində əzələ toxumaları sümüklərində sınıqlar və məməcikvari çıxıntıların zədələnməsi (sağ çıxıntıda kəsik) aşkar görünür. Mexaniki sınmalar və zədələr fərdin ölüm anında baş verib.

Bu çeşiddən olan zədələr şaquli vəziyyətdə olan insanın başının kəsilməsilə əlaqədardır. Beləliklə, kurqanda dəfn olunmuş fərdin başı doğrayıcı soyuq silahın zərbəsilə kəsilib. Zərbə arxadan endirilib.

Tədqiqatçının bildirdiyinə görə, 1 saylı Arvana kurqanında, biz ritual xarakterli deyil, döyüş xarakterli hadisə ilə rastlaşmışıq. Fərdin (döyüşçünün) başı hər hansı bir döyüşdə, ya döyüşdən sonra kəsilib.

Qətldən sonra fərdin meyiti öz soydaşları tərəfindən geri alınıb və ayrıca bir kurqanda zəngin dəfn inventarı ilə birgə dəfn edilib. Çox maraqlıdır ki, kurqanda həmçinin, indinin özündə belə, çox iti olan rapira tipli qılınc da qeyd edilib. Mümkündür ki, məhz oxşar qılıncla kurqanda dəfn edilən fərdin başı kəsilmişdi.

1 saylı Arvana kurqanından olan tədqiq edilmiş kəllə hal hazırda, Azərbaycan ərazisində dekapitasiya izləri olan son tunc - erkən dəmir dövrünə aid yeganə tapıntıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: