Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.02.2021 13:52
  • A-
  • A
  • A+

Nizami muzeyində rəssam-heykəltəraş Səlim Turan yaradıcılığına həsr olunan tədbir keçirilib

Nizami muzeyində rəssam-heykəltəraş Səlim Turan yaradıcılığına həsr olunan tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli türkoloq alim, mütəfəkkir və rəssam Əli bəy Hüseynzadənin rəngkarlıq istedadının irsi-mənəvi davamçısı, ədibin oğlu Səlim Turan yaradıcılığına həsr olunan “Səlim Turan – dərviş ruhlu rəssam” mövzusunda elmi seminar məşğələsi keçirilib.  

Tədbirdə muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı mövzu ilə bağlı məruzə edib. O, çıxışında dünyaca məşhur azərbaycanlı abstraksionist rəssam-heykəltəraş Səlim Turanın mənalı ömür yolundan bəhs edib, rəssamın İstanbul Gözəl Sənətlər Akademiyasında, Parisin Ekol de Bozar Ali Rəssamlıq Məktəbində, eləcə də dövrün Fransa sənət mühitində formalaşan təhsil və yaradıcılıq illərindən danışıb.

Tomiris Babanlı qeyd edib ki, gənc çağlarında əbru, miniatür, xətt sənətlərinə yiyələnmiş Səlim Turan sonralar heykəltəraşlığın sirlərinə də bələd olur. Əsərləri Sorbonn Universitetinin divarlarını, Fransa və İtaliyanın küçə və meydanlarını bəzəyən azərbaycanlı rəssam-heykəltəraşın 1975-ci ildə Fransada yaratdığı “Tezis, antitezis, sintez” abidəsi ona qərb ölkələri miqyasında böyük şöhrət qazandırıb.

Məruzəçi bildirib ki, ürəyində illərlə iki vətən – Azərbaycan, Türkiyə həsrətini daşıyan rəssam 1994-cü ildə Parisdə vəfat edib. Onun cənazəsi Türkiyəyə gətirilərək Qaracaəhməd qəbirstanlığında, atası Əli bəy Hüseynzadənin məzarı yanında dəfn edilib.

Seminar məşğələsi muzeyin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli, Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, Yeni və müasir Azərbaycan ədəbiyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Törəxanım Hüseynova və digərlərinin sual və çıxışları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: