Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2021 14:48
  • A-
  • A
  • A+

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib

“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Nizami Gəncəvi irsi” adlı növbəti məşğələsi keçirilib.

Magistr, doktorant və dissertantların iştirak etdiyi lektoriyanı giriş sözü ilə açan MEK-in direktoru, professor Məmməd Əliyev bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırıb. Qeyd edib ki, dahi şairin irsinin tədqiqi və təbliğində ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra əsaslı dönüş yaranıb. Klassik irsimizə və böyük dahilərimizə qiymət verməyi bacaran ulu öndər Heydər Əliyev Nizami Gəncəviyə xüsusi rəğbət bəsləyib. Dahi lider Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu missiya hazırda uğurla davam etdirilir. Onun sözlərinə görə, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi nizamişünaslıq elmini daha da irəli aparmağa geniş imkanlar yaradır.

Direktor qeyd edib ki, “Nizami Gəncəvi İli” çərçivəsində MEK tərəfindən Tədbirlər planı hazırlanıb. Plana əsasən, kitabxananın rəsmi saytında Nizami Gəncəvinin MEK-də mövcud olan əsərlərindən ibarət “Nizami Gəncəvi İli” adlı elektron baza yaradılıb, kitablardan ibarət videoslaydlar hazırlanıb. Hazırda isə MEK tərəfindən Nizami Gəncəvi biblioqrafiyasının çapa hazırlandığı və il ərzində silsilə tədbirlərin olacağı da vurğulanıb.

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda geniş məruzəsi dinlənilib. Akademik adı ictimai fikir tarixinə qızıl hərflərlə yazılmış ümumilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və mənəviyyatına qayğı və diqqət yetirən, himayə edən böyük şəxsiyyət olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə və digər ədiblərimizin əsərlərinə dərindən bələd idi. Məruzəçi bildirib ki, şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. Dahi rəhbər Heydər Əliyev  Bakıda metronun “Nizami” stansiyasının tikilişinə, həmçinin şairin doğma yurdu Gəncədə Nizami məqbərəsinin yenidən qurulmasına göstəriş verib və işin gedişi ilə şəxsən maraqlanıb. Akademik qeyd edib ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Bu il dahi şairin 880 illik yubileyi ərəfəsində ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması dünya miqyaslı qüdrətli sənətkarın irsinin təbliği və tədqiqi üçün Azərbaycan ziyalılarını yenidən səfərbər olmağa çağırıb.

Sonda akademik Teymur Kərimli MEK-in təşəbbüsü ilə  ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə keçirilən lektoriyaların əhəmiyyətindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: