Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub
25.03.2021 12:13
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub

Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

Akademik muxtar respublikada elm xadimlərinə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, əlamətdar günlərin, yubiley tədbirlərinin keçirilməsi alimlərimizin fəaliyyətinə verilən dəyər olmaqla yanaşı, həm də gənc tədqiqatçılar üçün stimulverici addımdır.

Bölmə sədri çıxışında alimin elmi fəaliyyətinə qısa nəzər salıb. Vurğulayıb ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhfələr verən, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də AMEA Naxçıvan Bölməsində işlədiyi dövrdə o, əsl tədqiqatçı, savadlı müəllim və geniş dünyagörüşünə malik ziyalı kimi tanınıb.

Qeyd olunub ki, professor Tofiq Əliyevin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Sonra akademik İsmayıl Hacıyev çoxillik səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibəti ilə yubilyara AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.

Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə bildirilib ki, 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açan professor Tofiq Əliyev 1958-ci ildə qəsəbə məktəbində ibtidai təhsilinə başlamış, daha sonra təhsilini yenicə açılmış internat məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə  bir il Saatlı rayonunda müəllim işləyib. 1974-cü ildən taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlayan alim burada baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini, kafedra müdiri vəzifələrində çalışıb. O, 2019-cu ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Alimin elmi və pedaqoji fəaliyyətini əlaqələndirmə bacarığından söz açan dosent Əhməd Qarayev diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz Tofiq Əliyevin adı ilə bağlıdır. Onun apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktiki əhəmiyyət kəsb edən bir məsələyə - neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunub. Alim 1988-ci ildə “İkifazalı karbohidrogen – elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi” mövzusunda fəlsəfə, 2011-ci ildə isə “Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı alıb, AMEA-nın müxbir üzvü seçilib.

Tofiq Əliyev dəfələrlə Rusiya, Ukrayna və Türkiyənin bir çox şəhərlərində keçirilən beynəlxalq konfrans, simpozium və qurultaylarda iştirak edib, maraqlı məruzələri ilə həmkarlarının diqqətini cəlb edib. Onun məqalələri Rusiya, Ukrayna, Türkiyə, Hollandiya, eləcə də respublikamızda nəşr olunan müxtəlif nüfuzlu jurnallarda dərc edilib, apardığı tədqiqatlar istər ölkəmizdə, istərsə də xaricdə yaşayan elm adamları tərəfindən yüksək dəyərləndirilib. Çoxsaylı tədqiqat işləri nəticəsində alim əlverişli xammallar əsasında nisbətən sadə üsullarla alınmış və bir neçə aqressiv sistem və polad nümunələri üçün yararlı olan yüksək effektli korroziya inhibitorları təklif edib. Bu birləşmələrin mühüm üstünlüyü ondan ibarətdir ki, onlar korroziya prosesinə qarşı yüksək effektivli inhibitor təsirinə malik olmaqla yanaşı, antiabraziv, bakterisid, antioksidləşdirici və s. kimi faydalı xassələrə malikdirlər. Müxtəlif qruplardan olan birləşmələrin quruluşu ilə effektivliyi arasındakı asılılıqla bağlı alimin müəyyən etdiyi qanunauyğunluqlar həmin sahədə olan ziddiyyətli fikirlərə və qaranlıq məqamlara aydınlıq gətirib, korroziyadan inhibitor mühafizə nəzəriyyəsini daha da təkmilləşdirib. Apardığı tədqiqatlar 5 kitab, 1 dərs proqramı, 2 patent, çoxsaylı məqalə və tezislər olmaqla, 150-dən artıq elmi əsərdə öz əksini tapıb. Elm və təhsil sahəsində uğurları, elmi metodiki hazırlığının yüksək məhsuldarlığı nəzərə alınaraq Tofiq Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə, müxtəlif dövrlərdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif edilib, 2008-ci ildə həmin ali təhsil müəssisəsində “İlin alimi” fəxri adına layiq görülüb.

Alimin fəaliyyətinin Naxçıvan Bölməsi dövründən bəhs edən məruzəçi bildirib ki, professor qısa müddətdə özünü doğruldub, muxtar respublika ərazisində təbii sərvətlərin, mineral xammalların araşdırılması və tətbiqinə dair əməli fəaliyyəti və faydalı məsləhətləri ilə də həmkarlarına yaxından köməklik göstərib.

Ə.Qarayev söyləyib ki, professor Tofiq Əliyev elmi fəaliyyəti ilə yanaşı, müxtəlif vaxtlarda ölkə mətbuatında aktual məsələlərə, o cümlədən Azərbaycanın enerji strategiyasına həsr olunan məqalələri ilə də geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Tofiq Əliyevin Naxçıvan Dövlət Universitetində göstərdiyi səmərəli fəaliyyətindən, bu ali təhsil müəssisəsinin gələcək inkişafına yönəlmiş uğurlu addımlarından danışıb. Çıxışının sonunda rektor Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını yubilyara təqdim edib.

Yubiley tədbirində, həmçinin Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika elmləri doktoru, professor İsmayıl Əliyev, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru Şəmil Mahmudov yubilyara xoş diləklərini ifadə ediblər.

Sonra çıxış edən Tofiq Əliyev əməyinə verilən yüksək dəyərə görə minnətdarlığını ifadə edib.

Sonda alimin həyat və fəaliyyətinə həsr edilən “Ömür qatarı” filmi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: