Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud” jurnalının 70-ci sayı çapdan çıxıb
31.03.2021 17:32
  • A-
  • A
  • A+

“Dədə Qorqud” jurnalının 70-ci sayı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 70-ci sayında maraqlı araşdırmalar yer alıb.

Müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar beş rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində fil.e.d. Ramazan Qafarlının “Dədə Qorqud”da gender münasibətlərinin strukturu və funksionallığı”, professor Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsi: monoqrafik tədqiqatin nəticələri”, professor Tahir Əmiraslanovun “Kitabi-Dədə Qorqud”dakı bəzi süfrə adətlərində etnopsixoloji məqamların nümayişi”, türkiyəli doktorant Yücetaş Ercanın “Kitabi-Dədə Qorqud”da söz kultu və davranış aktları” adlı məqalələri dərc edilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında dosent Mətanət Abbasovanın  “Təbriz folklorunda uşaq oyunları”, dosent Şakir Albalıyevin “Bayram konseptinin etnokulturoloji mahiyyəti (Prof. C.Qasımovun yaradıcılığı əsasında)”, dosent Tahir Orucovun “Vəli Xuluflunun həyatı və folklorşünaslıq fəaliyyəti”, fil.ü.f.d. Atəş Əhmədlinin “Bayatılarda nar: formal və semantik təzahürlənmələr” və digər məqalələr oxucuların ixtiyarına verilib.

Jurnalın “Azərbaycan folklor örnəkləri” rubrikasında avarlardan toplanmış etnoqrafik örnəklər, “Güney Azərbaycan folklorundan örnəklər” rubrikasında isə Təbriz və Marağa bölgələrindən toplanmış nümunələr təqdim olunub.

“Yeni nəşrlər: təqdimat və rəylər”  rubrikasında  professor Seyfəddin Rzasoyun “Türk epik düşüncə sisteminə transsendental aspektdə baxış (Бакчиев Т.А. Кыргызские эпические сказители. Бишкек, «Принт-Экспресс», 2015, 256 с.)”, dosent Qalib Sayılovun “Qorqudşünaslıqda yeni məkan zaman paradiqması (“Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası. Bakı, “Elm və təhsil”, 2020, 472 s.)”, dosent Sönməz Abbaslının “Şifahi “Dədə Qorqud”dan doğan “Kitabi-Türkman lisani” oğuznaməsi prof. Seyfəddin Rzasoyun baxış bucağında”, dosent Tahir Orucovun “Müdrik və işıqlı adamın nağıl dünyası (O.Əliyev. Azərbaycan nağılları: janr, süjet və obraz problemləri. Bakı, Elm və Təhsil, 2019)” kimi maraqlı araşdırmalarla tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: