Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir
26.04.2021 12:23
  • A-
  • A
  • A+

Görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir

Bu gün Azərbaycan ədəbiyyatında hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınan, ölkəmizdə elmin, ədəbiyyatın, təhsilin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 113 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olub. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. 1918-1919-cu illərdə ibtidai təhsil alıb, 1924-1928-ci illərdə Gəncə Darülmüəllimliyində oxuyub. 1926-1927-ci illərdə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. 1928-1930-cu illərdə Gədəbəydə və Gəncədə müəllim və məktəb direktoru vəzifəsində işləyib.

1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alıb. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub. 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülüb. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) müəllimlik edib. 1948-ci ildən Azərbaycan Dövlət Universitetində professor kimi fəaliyət göstərib, 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olub.

O, “Füzulinin poetikası” mövzusunda namizədlik (1940), “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyasını (1947) müdafiə edib.

Mir Cəlal bədii yaradıcılığa 1928-ci ildən başlayıb. İlk hekayə və oçerkləri “Qızıl Gəncə”, “Ədəbiyyat cəbhəsində”, “Hücum” jurnallarında və “Gənc işçi” qəzetində dərc olunub. “Sağlam yollarda” adlı ilk oçerklər kitabı 1932-ci ildə işıq üzü görüb. “Dirilən adam” və “Bir gəncin manifesti” romanları yazıçının məşhur əsərlərindəndir. Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. kitabları bu qəbildəndir. Ümumiyyətlə, yazıçının 70-dən çox kitabı çap edilib.

Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elmimizin qiymətli mənbələrindəndir.

Mir Cəlal Paşayev elmi-ictimai fəaliyyətinə görə “Qafqazın müdafiəsinə görə” medalı (1944), “Əmək igidliyinə görə” medalı (1944, 1960), “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı (1946), “Şərəf nişanı” ordeni (1954, 1958), “Qabaqcıl maarif xadimi” nişanı (1958), “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1967), “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı (1969), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları və digər mükafatlarla təltif olunub.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşub, İkinci Fəxri Xiyabanda dəfn edilib.

“UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. UNESCO-nun Parisdə yerləşən iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu, həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: