Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

NUR ÇEŞMƏSİ, KAMİLLİK ZİRVƏSİ
28.04.2021 09:35
  • A-
  • A
  • A+

NUR ÇEŞMƏSİ, KAMİLLİK ZİRVƏSİ

Azərbaycanın XX əsr elm tarixinin ən önəmli və yaradıcı simalarından biri, yüksək intellekti və istedadı, milli mənəvi-əxlaqi dəyərlərə bağlılığı, xeyirxah əməlləri ilə adını xalqın qəlbinə əbədi həkk etdirmiş insan, tanınmış ziyalı bir nəslin şərəfli davamçısı olan şəxsiyyət – ləyaqətli övlad, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya şöhrətli novator alim haqqında yazı yazmaq, onun dəyərli həyatı ilə bağlı özünə layiq söz söyləmək çox çətindir.

Görkəmli elm və səhiyyə xadimi, tanınmış həkim, həyatı hər bir alim və tibb işçisi üçün mənəviyyat dərsliyi, kamillik və müdriklik məktəbi olmuş, ömrünü zərrə-zərrə ailəsinin, övladlarının və xalqının gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmış Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri olan ictimai və dövlət xadimi, əməkdar həkim, professor Əziz Əliyevin ailəsində 28 aprel 1923-cü il tarixində Qoca Şərqin qapısı olan Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmışdır. Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ulu öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, cənab Prezident İlham Əliyevin insan və şəxsiyyət kimi təşəkkülündə şəfqətli ANA kimi həlledici rol oynamışdır.

Xalq arasında bəzi insanlar haqqında “ətrafına nur saçır” kimi bir deyim işlədilir. Ziyalı və işıqlı bir şəxsiyyət olmaqla, oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım görmə problemi olanlara sözün həqiqi mənasında nur paylayan, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olmuşdur.

Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Milli oftalmologiyanın əsasını qoymuş, göz xəstəlikləri ilə bağlı bir çox yeni elmi ideyaların müəllifi kimi bütün dünyada tanınmış görkəmli alim doktorluq dissertasiyasını 1976-cı ildə Moskvada, M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitu­tunda müda­fiə etmiş, bir il sonra SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona professor elmi adı verilmişdir. Elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər, onların sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.

Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalənin, 14 monoqrafiyanın (o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin), 12 səmərələşdirici təklifin müəllifi olmaqla dünya tibb elminə əvəzolunmaz töhfələr vermişdir. Onun monoqrafiyaları bu gün də oftalmoloqların stolüstü kitabı olmaqla, öz aktuallığını qoruyub saxlamışdır.

Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi başlamış Zərifə Əliyeva 1960-1967-ci illərdə həmin institutun böyük elmi işçisi, 1967-1985-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrası­nın müdiri vəzifələrində səmərəli fəaliyyət göstərmişdir.

Alim ömrünü nursuz gözlərə işıq, qəlblərə həyat eşqi bəxş etmək arzusunun reallaşdırılmasına sərf etmiş akademik Zərifə Əliyeva eksperimental tədqiqat­lar nəticəsində istehsalatda aşağı ­in­tensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğun­luqlarını aşkar etmişdir. Onun oftalmo­logiya sahəsin­də çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətlərini traxoma xəstəli­yinin klinikası, görmə orqanının fiziologi­yası və peşə xəstəliklərinin təsiri nəti­cəsində baş ve­rən göz patologiyalarının profi­laktikası, diaqnostikası və müali­cəsi, kimya sə­nayesi müəssisələrinin işçilə­rində görmə orqanının vəziyyəti, herpetik göz xəs­təlikləri, ağır virus kon­yunk­tivitləri, gözün hidrodinamik siste­minin fizioloji-anatomik xarakte­ris­tikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə mü­a­­li­cəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmo­logiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyması və buna nail olması hesab edilə bilər.

Qeyd etmək lazımdır ki, nəinki Azərbaycanda, hətta keçmiş SSRİ-də oftalmologiya elmində yeni səhifənin açılması - görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlı olmuşdur. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə dünya miqyasında böyük şöhrət gətirmişdir.

Tibb elmində “peşə oftalmologiyası”nın əsasını qoymuş Zərifə Əliyevanın görmə orqanına ətraf mühit amillərinin göstərdiyi təsirin mexanizm və qanunauyğunluqlarına həsr olunmuş elmi araşdırmaları biotibb elminə qonşu sahələrin, ilk növbədə multidissiplinar formatda fiziologiya elminin cəlb edilməsinə, gözün fiziologiyası haqqında təsəvvürlərin genişləndirilməsinə ehtiyac yaradırdı. Məhz bu səbəblərdən Zərifə Əliyevanın keçdiyi uğurlu elm yolunun əhəmiyyətli bir hissəsi AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olmuşdur. Zərifə xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1979-cı ildə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutunda SSRİ-də ilk dəfə olaraq “Görmə orqanının fiziologiyası və peşə patologiyası” laboratoriyası yaradılmışdır.

Laboratoriyanın ilk tədqiqat işlərinin “Müxtəlif kimyəvi faktorların təsiri şəraitində işləyən insanların görmə orqanının kliniki-fizioloji və morfohistokimyəvi xüsusiyyətləri” mövzusu ətrafında qurulması da təsadüfi olmamışdır. 1970-ci illərdə Azərbaycan keçmiş SSRİ məkanında kimya sənayesinin əsas mərkəzlərindən biri sayılırdı və bu səbəbdən laboratoriyada aparılan tədqiqatların məqsədi istehsalatda iştifadə edilən müxtəlif kimyəvi maddələrin görmə orqanına uzunmüddətli xroniki təsirinin kompleks analizi və bu təsirin nəticəsi kimi baş verə biləcək dəyişikliklərin erkən diaqnostikası olmuşdur. O dövrdə səhiyyənin, tibb elminin qarşısında duran fundamental problemlərdən biri peşə ilə bağlı az zərərli amillərin, aşağı dozaların xroniki təsiri altında orqanizmdə baş verən qeyri-spesifik, aşkarda görünməyən pozulmaların öyrənilməsi idi. Başqa sözlə, ətraf mühitin əlverişsiz təsiri zamanı orqanizmin adaptiv-kompensator mexanizmlərinin öyrənilməsi ön plana çıxmışdı. Zərifə xanım elmdə, ilk dəfə olaraq, yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini də öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Zərifə Əliyevanın dünya ədəbiyyatında analoqu olmayan elmi tədqiqatları uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsini, neftayırma zavodlarını əhatə etmiş, ümumilikdə, müayinələrə 4000-dən çox fəhlə və mütəxəssis cəlb olunmuşdur.

Zərifə xanımın təxminən 40-50 il bundan əvvəl apardığı tədqiqatlarda müasir elmə qoyulan əsas tələblərdən birinin, yəni elmlə istehsalatın sıx əlaqəsinin təmin edilməsinin bariz nümunəsini görmək mümkündür. 

Yuxarıda qeyd edilən tədqiqatlardan aldığı uğurlu nəticələrə görə akademik Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd edək ki, Zərifə xanım bu mükafata layiq görülmüş ilk qadın mütəxəssis olmuşdur.

Zərifə Əliyeva öz tədqiqatlarında əksər ölkələrdə xeyli sonralar tətbiq edilməyə başlamış bir sıra digər ilklərə də imza atmışdır. O, gözün çoxsaylı oftalmoloji müayinələri ilə yanaşı, ilk dəfə olaraq, elektrofizioloji metodlardan da geniş istifadə etmişdir. İş yerlərində toksik maddələrlə təmasda olan işçilərin gözlərinin elektroretinoqrafik, elektrookuloqrafik, reooftalmoqrafik müayinəsi torlu qişanın müxtəlif hüceyrə elementlərinin funksional vəziyyətində baş verən dəyişiklikləri üzə çıxarmağa imkan yaradırdı. Paralel olaraq aparılan experimental tədqiqatlarda toksik maddələrin və bəzi fiziki amillərin gözün torlu qişasında funksional vəziyyətə, sərbəst radikal proseslərə, neyromediatorların səviyyəsinə təsiri öyrənilirdi. Həmin tədqiqatların nəticələri bugün də mütəxəssislər arasında böyük maraq doğurur.

Zərifə Əliyevanın rəhbərliyi ilə Salyan rayonunda aparılan daha bir tədqiqat işi kənd təsərrüfatında çalışan və əmək fəaliyyəti zamanı pestisidlərlə təmasda olan 500-ə yaxın insanı əhatə etmişdi. Bu unikal tədqiqatın nəticəsində ilk dəfə olaraq kənd təsərrüfatı işçilərində görmə orqanının vəziyyəti haqqında müvafiq biliklərin əldə edilməsinə imkan yaranmışdı. O cümlədən, göstərilmişdi ki, gözün ön şöbəsində iltihab xəstəliklərinin tezliyi pestisidlərin təsiri altında əhəmiyyətli dərəcədə yüksəlir.

Zərifə xanımın elmi maraq dairəsində görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi də xüsusi yer tuturdu. Onun “Gözün və görmə-sinir traktının yaş dəyişmələri” kitabı haqqında görkəmli rus oftalmoloq-alimi, akademik A.Brovkina demişdi: “Bu elmi əsər mahiyyət etibarilə oftalmologiyada yeni bir istiqamətin – oftalmoloji herontologiyanın başlanğıcını qoyur”. Zərifə xanımın bu kitabı bugün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda həyata keçirilən herontoloji tədqiqatlar fonunda daha da aktual və qiymətli təsir bağışlayır. Onu da yada salmaq yerinə düşərdi ki, Zərifə xanımın laboratoriyasının əməkdaşları 80-cı illərin sonunda “Uzunömürlülük fenomeni” beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində həm Azərbaycanın yüksək uzunömürlülük indeksi ilə fərqlənən Qazax və İsmayıllı rayonlarında, həm də keçmiş SSRİ-nın bəzi regionlarında, o cümlədən Krımda həyata keçirilmiş beynəlxalq herontoloji elmi ekspedisiyalarda fəal iştirak etmiş, yaşı 90-ı ötmüş 900-ə yaxın insanda görmə orqanının yaşla bağlı dəyişikliklərini öyrənərək bu gun də mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edən bir sıra elmi məqalələr nəşr etdirmişlər.

Məlumdur ki, 1990-cı illərin əvvəllərində respublikada ictimai-siyasi vəziyyətlə bağlı elmin inkişafında tənəzzül dövrü yaşanırdı. Həmin dövrdə bir sıra elmi qurumlarla yanaşı, Zərifə xanımın laboratoriyasının da fəaliyyəti dayandırılmışdı. Yalnız Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra ölkədə akademik elmin səviyyəsini və inkişaf tempini artırmağa, elmi tədqiqatların texnoloji təminatını müasirləşdirməyə zəmin yarandı. Bu müsbət tendensiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da genişləndi və beləliklə, elmin bütün sahələrində olduğu kimi, biotibb sahəsində də geniş spektrli nəzəri-tətbiqi problemlərin, o cümlədən peşə və sosial əhəmiyyətli xəstəliklərin kompleks tədqiqinə, Zərifə xanımdan bizə miras qalmış elmi ideyaların inkişafına geniş imkanlar yarandı. Bu imkanları gerçəkləşdirmək məqsədilə həyata keçirilən islahatlar çərçivəsində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın laboratoriyasının fəaliyyətini bərpa etmək məqsədilə 2016-cı ildə “Görmənin fiziologiyası” yaradıcı qrupu təşkil edilmişdir. Bu qrup görmə orqanının fiziologiyası və yaşla bağlı patologiyası sahəsində Zərifə xanım tərəfindən əsası qoyulmuş tədqiqatların davamı kimi hazırda neyrodegenerativ xəstəliklərlə görmə sistemi strukturları arasındakı mürəkkəb əlaqələri araşdırır. Qrup Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə artıq bir beynəlxalq əməkdaşlıq proqramını müvəffəqiyyətlə həyata keçirir. Belarus MEA-nın Fiziologiya İnstitutu ilə birgə icra edilən proqram neyrodegenerativ xəstəliklər zamanı görmə funksiyasının pozulma mexanizmlərinin kliniki-neyrofizioloji tədqiqinə və bu pozulmaların reabilitasiyası üçün innovativ üsulların işlənməsinə istiqamətləndirilmişdir. Qrupun kadr potensialı gücləndikcə onun əsasında “Görmə orqanının və neyrodegenerativ xəstəliklərin neyrofiziologiyası” laboratoriyasının yaradılması nəzərdə tutulur.  

Ümumiyyətlə, son illər AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin dəstəyi ilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda biotibb və insan fiziologiyası üzrə fundamental tədqiqatlarla klinika arasında mövcud əlaqələrin gücləndirilməsinə və yeni əlaqələrin yaradılmasına böyük diqqət verilir. İnstitutun yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsində müasir dövrün çağırışları ilə yanaşı, dünya şöhrətli alim akademik Zərifə Əliyeva tərəfindən əsası qoyulmuş multidissiplinarlıq və innovativlik prinsipləri əsas meyarlar kimi götürülür.

Məşhur bir hədisdə deyilir ki, insan dünyasını dəyişdikdən sonra aşağıdakı 3 məsələ ilə bağlı əməl dəftəri açıq qalır, yəni ona savablar yazılmaqda davam edir: uzun müddət təsirini itirməyən xeyirxah işlər; insanlara fayda verən elm; şəxsin özünə xeyir-dua edən yaxşı övlad. Həyatdan çox erkən köçsə də, həm sağlığında gördüyü xeyirxah işlər, başladığı gözəl təşəbbüslər, həm əldə etdiyi elmi nailiyyətlər, bunlar əsasında yazdığı çoxsaylı elmi əsərləri, həm də onu daim yad edən xeyirli övladları, tələbələri, ardıcılları Zərifə xanımın hələ də aramızda olduğunun, əməllərinin, elminin, nailiyyətlərinin həmişəyaşarlığının göstəricisidir. Peşəkarlığı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə daim seçilmiş oftalmoloq-alimin ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır, başladığı təşəbbüslər çiçək açır, müstəqil Azərbaycanın davamlı inkişafına və yeni uğurlar qazanmasına real töhfələr verir. Sağlığında olduğu kimi bu gün də şöhrəti sərhədləri aşan parlaq şəxsiyyət akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyədə qoyub getdiyi izlər əsla silinməmişdir, yaratdığı elmi məktəbin nümayəndələri sağlam cəmiyyət naminə çalışmaqla bu gün də insanların gözlərinə işıq verməkdə, müxtəlif peşələrdən olan pasiyentlərin görmə qabiliyyətini bərpa etməkdədirlər. Bütün bunlar isə o deməkdir ki, kamillik zirvəsini fəth etmiş Zərifə xanımın əməl dəftəri heç zaman bağlanmayacaq, nur çeşməsi əsla qurumayacaq, əziz xatirəsi isə dünya durduqca unudulmayacaq.

Akademik İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti

Professor Ulduz HƏŞİMOVA, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: