AMEA-nın Elm Tarixi İnstitutunun “Qarabağ tarixinin aktual problemləri” məqalələr toplusu çapdan çıxıb.
Nəşr Azərbaycanın qədim və zəngin mədəni irsə malik olan Qarabağ bölgəsinin tarixinə həsr edilib. Qarabağ tarixinin müxtəlif aspektlərdən araşdırıldığı və Azərbaycan tarixinin bir sıra aktual problemlərinə aydınlıq gətirildiyi məqalələr toplusu yeni və nəşr olunmamış arxiv sənədləri, çoxsaylı elmi-siyasi faktlarla, spesifik məlumatlarla zəngindir.
Topluda institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “44 günlük müharibədə Azərbaycan diasporunun fəaliyyəti”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni kilsəsi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahovun “Çarizmin işğal siyasətinin Azərbaycanın inzibati-ərazi quruluşunda əksi rusdilli mənbələrdə (İrəvan quberniyası nümunəsində)”, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Düşmən işğalından azad olan Qarabağ abidələri və onların bərpası metodları”, baş elmi işçi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədovun “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların sənədlərində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabovanın “Нагорный Карабах: вчера и сегодня в зеркале азербайджанского плаката”, elmi işçilər – Vahab Fətəliyevin “Qarabağın xrsitian məliklikləri”, Elxan Quliyevin isə “Dağlıq Qarabağ münaqişəsində ermənilər tərəfindən məhv edilmiş maddi və mənəvi mədəniyyət” mövzusunda məqalələri yer alıb.
Toplu əhatə etdiyi mövzular, siyasi gündəm, elmi-tarixi maraqlar baxımından peşəsindən, ixtisasından asılı olmayaraq Qarabağ, o cümlədən vətən tarixi ilə maraqlanan bütün oxucular üçün uyğundur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.