Mayın 20-də AMEA-da “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfrans öz işinə başlayıb.
Əvvəlcə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Qarabağın biomüxtəlifliyinə, torpaq və su ehtiyatlarına həsr edilmiş onlayn konfransın işinə uğurlar arzu edib.
44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman xalqımız və ordumuz tərəfindən tariximizin ən şərəfli səhifələrindən birinin yazıldığını deyən akademik R.Mehdiyev Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsi ilə 30 illik həsrətə son qoyulduğunu, regionun sərvətləri, dağıdılmış tarixi və etnoqrafik abidələrinin qalıqlar şəklində olsa da, öz həqiqi sahibinə qaytarıldığını bildirib.
“Bu gün cənab Prezidentin sarsılmaz iradəsi və liderliyi ilə Qarabağ torpaqlarında Böyük Qayıdışın əsasları yaradılır”, - deyə bildirən AMEA rəhbəri işğal edilmiş ərazilərdə yeni müasir infrastrukturun qurulması, “ağıllı” kənd və şəhərlərin yaradılması, müxtəlif təsərrüfat sahələrinin, “yaşıl” iqtisadiyyatın təşəkkülü, tarixi, dini, mədəni abidələrin bərpası işinə başlanıldığını diqqətə çatdırıb.
AMEA rəhbərinin sözlərinə görə, bütün bu fəaliyyətlər işğal dövründə ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi cəhətdən əsaslı şəkildə qiymətləndirilməsi və sənədləşdirilməsi ilə paralel surətdə aparılmaqdadır. Qarabağın biomüxtəlifliyinin, təbii ehtiyatlarının öyrənilərək xalqın xidmətinə təqdim olunmasında, kənd təsərrüfatının bərpasında Azərbaycan elminin üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin icrası məqsədilə işğaldan azad edilmiş ərazilərdə elmi tədqiqatlar bərpa olunmalı və inkişaf etdirilməlidir.
Akademik R.Mehdiyev hələ Vətən müharibəsinin gedişində və qələbəmizdən sonrakı aylarda bütün bu məsələlərin AMEA-da hərtərəfli müzakirə olunduğunu və bir sıra qərarların qəbul edildiyini bildirib. O, Akademiyanın Rəyasət Heyəti tərəfindən Qarabağ Elmi Bölməsinin yaradılması üçün müvafiq təklifin irəli sürüldüyünü, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” 12 yanvar 2021-ci il tarixli qərar qəbul etdiyini nəzərə çatdırıb. Əlavə edib ki, qərarın icrasına Akademiya ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Təhsil, İqtisadiyyat, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri və digər dövlət orqanlarının aidiyyəti strukturları da cəlb ediləcək. Təqdirəlayiq haldır ki, qeyd edilən qərarın əsas hədəfləri bugünkü konfransın istiqamətləri sırasına daxil edilib.
Çıxışının sonunda akademik R.Mehdiyev konfransın yeni dövr üçün məqsədlərin müəyyənləşdirilməsi və planların uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. Vətən müharibəsində olduğu kimi, Qarabağın bərpası prosesində də AMEA-nın cənab Prezidentin yanında olduğunu, onun siyasətini dəstəklədiyini bəyan edib.
Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev zəngin biomüxtəliflik və təbii sərvətlərə malik ölkəmizin ərazisində ermənilərin 30 ilə yaxın bir müddətdə ekoloji terror törətməsinin Azərbaycanın təbiətinə, ekoloji durumuna olduqca böyük zərər vurduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən ildən başlayaraq nazirliyin mütəxəssisləri aidiyyəti qurumlarla birgə işğaldan azad edilmiş ərazilərimizdə ətraf mühit və təbiətə vurulmuş zərərin qiymətləndirilməsi işlərinə başlamış, bu ərazilərdə aparılmış ilkin monitorinqlərə əsasən, 10 minlərlə hektar meşə sahəsinin talan olunduğu, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirildiyi, 100-dən çox təbiət abidəsinin məqsədli şəkildə məhv edildiyi aşkarlanmışdır. O bildirib ki, bu ərazilərdə mövcud olan faydalı qazıntı yataqlarının bir hissəsi işğalçılar tərəfindən istismar olunmuş, 10 minlərlə hektar münbit torpaq sahələri isə təsərrüfat dövriyyəsindən çıxarılmışdır.
Nazir bu ərazilərdə mövcud xammal resurslarının monitorinqi və ehtiyatların yenidən qiymətləndirilməsi işlərinə başlanıldığını vurğulayaraq, ümumilikdə yataqlarda sənaye ehtiyatı təsdiq edilmiş yüzlərlə ton qızıl, gümüş, minlərlə ton qiymətli metal, yüz milyon kub metrlərlə tikinti materialları, gündəlik həcmi yüz minlərlə kub metr olan yeraltı şirin su və minlərlə kub metr olan mineral su və digər növ faydalı qazıntı ehtiyatlarnın mövcud olduğunu söyləyib: “Sevindirici haldır ki, ölkə başçısının tapşırıqlarına müvafiq olaraq bu ərazilərdə əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması istiqamətində mərhələli şəkildə ekoloji bərpa işlərinə başlanılıb”.
M.Babayev işğal nəticəsində infrastrukturu sıradan çıxarılmış hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomat sistemlərinin tətbiqi və müşahidələrin bərpasının planlaşdırıldığını, həmçinin ölkə Prezidentinin göstərişi ilə bu ərazilərdə meşə fondunun və xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası işlərinə start verildiyini, burada müasir yanaşmaların tətbiqinin gələcəkdə Qarabağın ekoloji problemlərdən azad yaşıl zonaya çevrilməsinə şərait yaradacağını deyib.
“Bu ərazilərdəki iki qoruq və 4 yasaqlığın, o cümlədən tarixi və təbiət abidələrinin mövcudluğu ekoturizmin inkişafı üçün də böyük potensial yaradır”, - deyən nazir əlavə edib ki, Qarabağda müasir texnologiyaların tətbiqi ilə “ağıllı” şəhər və kənd konsepsiyalarının reallaşdırılması, regionun unikal təbiətinin qorunması insan və təbiət arasında tarazlığın bərpasına şərait yaradacaq.
Akademiya ilə sıx əməkdaşlıq çərçivəsində “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanması ilə bağlı işlərə başlanıldığını da qeyd edən M.Babayev AMEA-nın elmi tədqiqat institutlarının mütəxəssisləri ilə birgə Qarabağda olan nadir flora və fauna növlərinin beynəlxalq kateqoriyalara uyğun qiymətləndirilməsinin aparılacağını diqqətə çatdırıb.
Sonda nazir M.Babayev yeni reallıqların bütün ölkə ərazisində tədqiqatlar aparmaqla daha elmi tutumlu müasir və əhatəli sənəd hazırlamağa imkan verəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimov Qarabağın inkişafı ilə bağlı mühüm vəzifələrin müzakirəsi və təkliflərin irəli sürülməsi baxımından konfransın önəmini qeyd edib. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində bu ərazilərdə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının da inkişafı üçün böyük imkanlar yarandığını bildirən İ.Kərimov Qarabağ bölgəsinin tarixən ölkəmizin kənd təsərrüfatının ən çox inkişaf etmiş bölgələrindən biri olduğunu vurğulayıb.
O, işğaldan əvvəlki dövrdə bu ərazilərdə taxılçılıq, üzümçülük, baramaçılıq və heyvandarlığın inkişaf etdiyini deyərək, işğal dövründə pambıq zavodları, şərabçılıq müəssisələri, üzüm plantasiyaları, baramaqurutma məntəqələri, heyvandarlıq kompleksləri və digər müəssisələrin məhv edildiyini qeyd edib.
Ölkə Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən, hazırda Qarabağ ərazisində kənd təsərrüfatının innovativ əsaslarla yenidən qurulması üçün bütün zəruri tədbirlərin görüldüyünü deyən nazir bu məqsədlə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, zəruri texnika və istehsal vasitələrinin, heyvanların saxlanılması və mühafizəsi, fitosanitar və epizodik vəziyyətin ilkin qiymətləndirilməsinin, intensiv bağların yerinin müəyyənləşdirilməsinin həyata keçirildiyini nəzərə çatdırıb. Əlavə edib ki, hazırda nazirliyin əməkdaşları tərəfindən peyk məlumatları əsasında faktiki əkin yerlərinin, çoxillik intensiv bağların xəritə üzərində vektorlaşdırılması işləri aparılır.
“Bölgənin torpaq və su ehtiyatları, biomüxtəliflik göstəriciləri ilə bağlı elmi tədqiqatların aparılması bu resurslardan səmərəli istifadəyə imkan verəcək”, - deyən İ.Kərimov işğaldan azad edilmiş ərazilərin aqrar potensialının müəyyən olunması ilə bağlı aparılan elmi tədqiqat işləri üzrə AMEA ilə birgə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, elmi bazaya əsaslanan səmərəli fəaliyyət nəticəsində Qarabağ bölgəsinin Azərbaycanın aqrar sektorunda mühüm yerə sahib olacağına inamını ifadə edib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş böyük qələbənin xalqımızın və elmimizin gələcəyi üçün yeni üfüqlər açdığını, Qarabağın biomüxtəlifliyini, torpaq və su ehtiyatlarını yenidən öyrənmək, bərpa və inkişaf etdirmək üçün imkanlar yaratdığını deyib.
Akademik 30 ilə yaxın bir müddət ərzində işğal altındakı ərazilərdə tədqiqatçılarımız tərəfindən elmi tədqiqatlar aparmaq mümkün olmadığından konfransda dərc edilən tezislərin əsasən keçmişdə, Sovet dönəmində aparılmış tədqiqatlar və son illərin peyk çəkilişləri, eləcə də regiona alimlərimizin son dövrlərdə etdikləri azsaylı, ərazi cəhətdən məhdud xarakter daşıyan səfərləri əsasında, ehtimal xarakterli proqnozlar verməklə yazıldığını bildirib. AMEA-nın vitse-prezidenti akademiya alimlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər təşkilatlarla əməkdaşlıq şəraitində Qarabağ regionunda ciddi monitorinqlərə başladıqlarını və alınan ilkin nəticələrə dair çıxışların konfransın gedişində dinləniləcəyini də diqqətə çatdırıb.
İ.Hüseynovanın sözlərinə görə, tədbirin materiallarına konfransın elmi istiqamətlərinə uyğun 117 tezis daxil edilib. Bu tezislərın müəllifləri respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələrini, o cümlədən AMEA-nı, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin elmi müəssisələrini, Azərbaycan Respublikası Energetika Nazirliyini, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Gəncə Dövlət, Azərbaycan Tibb universitetlərini və başqa təşkilatları təmsil edirlər.
“İnanıram ki, Qarabağ bölgəsində planlaşdırdığımız hərtərəfli multidissiplinar tədqiqatları aparmaq gücünə sahib olacağıq, pandemiyaya da qalib gəlməklə növbəti, daha mötəbər, beynəlxalq iştiraklı konfransı canlı şəkildə Şuşa şəhərində təşkil edə biləcəyik”, - deyə vitse-prezident qeyd edib.
Sonda akademik İ.Hüseynova bugünkü konfransın qeyd olunan istiqamətlər üzrə Azərbaycan elminin üzərinə düşən mühüm vəzifələrin öhdəsindən gəlmək, növbəti işləri planlaşdırmaq və həyata keçirmək üçün tədqiqatçılarımızı səfərbər etməkdə irəliyə doğru atılmış ciddi bir addım olacağına əminliyini vurğulayıb.
Konfransın plenar iclasında Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA Botanika İnstitutunun aparıcı elmi işçisi b.ü.f.d., dos. Vüqar Kərimov “İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror və böyük qayıdışın ətraf mühit aspektləri”, Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini, prof. Elçin Zeynalov “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı”, Azərbaycan Respublikası Hidromexanika və Meliorasiya Elm-İstehsalat Birliyinin baş direktoru, prof. Ağamir Həşimov “İşğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatları, onlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları” mövzularında məruzələrlə çıxış ediblər.
Həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin müşaviri, f-r.ü.f.d. Cavid Abdullayevin “İşğaldan azad edilmiş ərazilər üçün “yaşıl enerji zonası” konsepsiyası biomüxtəlifliyin qorunması aləti kimi”, Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, AMEA Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərovun “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin fauna müxtəlifliyi və onun bərpa imkanları”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, prof. Rəna Mirzəzadənin “Biomüxtəlifliyin qorunması: siyasi, hüquqi və mədəni-etik yanaşmalar” mövzusunda məruzələri təqdim olunub.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox ekosistemlər böyük antropogen təsirə məruz qalmışdır. Tarixi torpaqlarımızda erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanması, meşələrimizin qırılması, regionun ekoloji tarazlığının pozulmasına ciddi təsir göstərmişdir.
Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə və su ehtiyatlarının istifadəsinə imkan yaradacaq.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə kiçik su elektrik stansiyalarının bəzilərinin bərpası və yeni su elektrik stansiyalarının istismara verilməsi üçün araşdırmalar aparılır, bölgənin enerji təminatını yaxşılaşdırmaq üçün yeni su elektrik stansiyalarının qurulması nəzərdə tutulur.
Məruzələrdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən törədilən vəhşiliklər nəticəsində müxtəlif sahələrə dəymiş zərər, bu zərərin aradan qaldırılması üçün görüləcək tədbirlər, ərazinin torpaq və su ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin qorunması, faunanın bərpası imkanları ilə bağlı müzakirələr aparılıb, çoxsaylı təkliflər səsləndirilib.
Sonda çıxış edən akademik İradə Hüseynova tədbirin təşkilinə görə akademik Ramiz Mehdiyevə, konfransda fəal iştirak etdiklərinə görə Muxtar Babayevə, İnam Kərimova, eləcə də plenar iclasın məruzəçilərinə təşəkkürünü bildirib, Qarabağ regionunda bütün əlaqədar təşkilat və idarələrin iştirakı ilə multidissiplinar tədqiqatların aparılması ilə mühüm nəticələrin əldə olunacağına inamını ifadə edib.
Qeyd edək ki, konfrans öz işini mayın 21-də yekunlaşdıracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.