Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2021 14:15
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçirilib

“Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi baş tutub.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademiklər Nərgiz Axundova, Gövhər Baxşəliyeva, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın Gəncə bölməsinin dosenti Elnur Həsənov və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan N.Vəlixanlı tədbirin əhəmiyyəti barədə məlumat verib. Akademik qeyd edib ki, muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, həmçinin müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmağa imkan verir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Nizami yaradıcılığının elmə verdiyi töhfələrdən söz açıb. İ.Həbibbəyli xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək və sərgidə nümayiş olunan eksponatların tədqiqat xarakterli olduğunu vurğulayıb. Akademik qeyd edib ki, açılışı olan sözügedən sərgi Nizami elminin tarixi araşdırılması, Nizami irsi ilə tanış olmaq və klassik irsə məhəbbət hissi aşılamaq baxımından əhəmiyyətli rol oynayır.

Daha sonra f.ü.f.d. B.Əsgərov şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirib. B.Əsgərov muzeyin Azərbaycan Atabəyləri dövrü və Nizami dövrünə aid eksponatlara verdiyi dəyərdən danışıb. Qeyd edib ki, bu dövr Azərbaycan mədəniyyətinin intibahının yüksəliş dövrü olub.

Müəssisənin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov bildirib ki, muzeyin Kitabxanasında və Arxeologiya, Etnoqrafiya, Köməkçi tarixi fənn materialları, Numizmatika, Xüsusi, Silahlar və bayraqlar fondlarında qorunan 250 eksponat sərgidə nümayiş olunur.

Sərgidə nümayiş olunan eksponatlar XII – XIII əsrin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar olunub. Nümayiş olunan eksponatlar sırasında əski əlifba ilə hazırlanaraq 1909-cu ildə Gəncədə nəşr olunmuş müəllifi Mirzə Məhəmməd Axundov olan “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: