AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı "Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar" konfransında “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” mövzusunda məruzə ilə çıxış edib.
G.Babaxanlı çıxışında Azərbaycan mədəniyyəti tarixində Qarabağ musiqi mühitinin, muğam məktəbinin xüsusi yeri və çəkisinin olduğunu bildirib. Qarabağın identikliyini ortaya qoymaq baxımından bu zəngin irsin mühüm bir parçası olan istər müəllifli, istərsə də müəllifsiz musiqi əsərlərinin, mahnıların, nəğmələrin, musiqi mətnlərinin toplanması, tədqiqi və təbliğinin xüsusi önəm daşıdığını vurğulayıb.
Məruzəçi Hüseyn Cavidin Ev Muzeyinin fondunda mühafizə olunan böyük Azərbaycan şairi və dramaturqu, vətənpərvər ziyalı Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin şəxsi arxivinə aid materiallar içərisində Qarabağın musiqi irsi ilə bağlı qiymətli materiallara xüsusilə diqqət yetirib. Ərtoğrol Cavidin bu materiallara yazdığı rəy və şərhlər haqqında danışaraq hazırda onların Qarabağın Azərbaycana bağlılığını nümayiş etdirən zəngin istinad mənbəyi olduğunu söyləyib. Toplanan folklor nümunələrinin, Qarabağ muğam sənətinə aid olan məşhur musiqi parçalarının yaranma tarixini, bu bölgəyə, hətta bəzən Qarabağ ərazisinin sakinlərindən kimə məxsusluğunu dəqiqliyi ilə təyin etmək üçün təkzibolunmaz faktlar ortaya qoyduğunu deyib. Materiallar içərisində məşhur xanəndə Cabbar Qaryağdıdan, Azərbaycan musiqisinin tədqiqatçısı, tarzən Məşədi Süleyman Məlik oğlu Mansurovdan və tanınmış Qarabağlı zurnaçı Camal Cəfərovdan toplanmış materiallardan seçilən faktları nümunələr gətirərək Şuşalı musiqiçilər: məşhur tarzən Mirzə Sadıq, xanəndə Hacı Hüsü, kamança ustası Bağdagül oğlu Qostinin adına rast gəlindiyini, onların musiqi tariximizdəki xidmətləri barədə maraqlı məlumatlar verildiyini də diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.