Bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olunub. HİEB-in akademik-katibi, akademik Teymur Kərimli öncə bölmənin fəaliyyəti haqqında ümumi məlumatları diqqətə çatdırıb. Bildirib ki, ölkədə 2014-cü il humanitar və ictimai elm sahələri üçün olduqca mühüm nailiyyətlərlə yadda qalmışdır. Aparılan elmi-tədqiqat işləri Azərbaycan dövlətinin müstəqilliyinə, intellektual inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinin qorunmasına, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına və bu prosesdə milli-mənəvi dəyərlərin qorunub daha da inkişaf etdirilməsinə yönəlmişdir. Noyabr ayının 10-11-də AMEA prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə formalaşdırılan və Azərbaycan elmi üçün mühüm əhəmiyyət kəsb edən Bakı Elm Festivalında digər elm sahələri kimi, humanitar və ictimai elmlər sahəsində çalışan əməkdaşların da elmi nailiyyətləri nümayiş etdirilmişdir.
Məruzəçi ötən il iyunun 30-da AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilər nəticəsində HİEB-in 6 həqiqi və 11 müxbir üzvlə zənginləşdiyini, hazırda bölmənin nəzdində 16 həqiqi, 32 müxbir üzvün fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, 2014-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə HİEB-in nəzdində 3 yeni elmi tədqiqat institutu - Elm Tarixi, Dünya Siyasəti və Qafqazşünaslıq İnstitutları yaradılmışdır.
Akademik T.Kərimov il ərzində bölmədə AR Prezidentinin Fərman və Sərəncamlarının icrası haqqında da məlumat verib. Qeyd edib ki, 2014-cü ildə əməkdaşlarımız ölkə Prezidentinin imzaladığı 25 Fərman və Sərəncamın, habelə müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar nəzərdə tutulan vəzifələrin öhdəsindən uğurla gəlmişlər. O, 2014-cü ildə elmi-tədqiqat işləri üzrə planların yerinə yetirilməsi haqqında ümumi məlumat verib və alınmış mühüm nəticələrdən də danışıb: “Hesabat ilində bölmə öz fəaliyyətini 19 elmi istiqamətin 57 problemi üzrə 202 mövzu əsasında həyata keçirmişdir. 19 kitab, monoqrafiya və məqalələr toplusu çap olunmuşdur”.
Məruzəçi İqtisadiyyat İnstitutu tərəfindən dövlət orqanları və ali təhsil müəssisələrində tətbiqi məqsədilə 15 işin göndərildiyini və müsbət rəy alındığını bildirib.
Bölmənin akademik-katibi, həmçinin elmi tədqiqat proqramlarının müsabiqəsində iştirak, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, bölmə əməkdaşlarının iştirak etdiyi qrant layihələr, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlər və s. barədə ətraflı məlumat verib. Bildirib ki, HİEB-in elmi tədqiqat müəssisələrində 2233 əməkdaş fəaliyyət göstərir. Elmi işçilərin ümumi sayı 1069 nəfər təşkil edir. Onlardan 121-i elmlər doktoru, 412-i fəlsəfə doktorudur. 2014-cü il ərzində fəlsəfə doktorluğu üzrə 69, elmlər doktorluğu üzrə 7 dissertasiya işi müdafiə edilmişdir. Hazırda bölmədə 174 əyani, 202 qiyabi doktorant və 479 dissertant təhsil alır.
Hesabatla bağlı akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Rafael Hüseynov, Teymur Bünyadov, Tofiq Hacıyev, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Ərtegin Salamzadə, Yaqub Mahmudov və başqaları suallarla çıxış ediblər.
Sonda AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq olunub. Bölmənin cari ildəki fəaliyyəti ilə əlaqədar qəbul edilmiş qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.