AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AR Mərkəzi Bankı tərəfindən “Milli pul nişanlarımız” mövzusunda onlayn maarifləndirici seminar keçirilib.
Seminarda İdarəetmə Sistemləri İnstitutunun və Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşları iştirak ediblər.
Tədbirdə Mərkəzi Bankın Nağd pul departamentinin əməkdaşı Aysel Məmmədova Azərbaycanın pul vahidi haqqında ətraflı məlumat verərək yeni nəsil pul nişanlarının xarakteristikası və formaları barədə danışıb. O, həmçinin müasir dövrdə xüsusi önəm kəsb edən pul nişanlarının mühafizə sisteminin beynəlxalq təcrübəyə uyğun olaraq 4 pilləli şəkildə hazırlandığını söyləyib. Bildirib ki, mühafizə elementləri xüsusi qruplar üzrə təsnif olunur və əhali tərəfindən pulların həqiqiliyi xüsusi bilik və səriştə olmadan müəyyən edilə bilir.
Sonra Mərkəzi Bankın Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı pul nişanlarının saxtalaşdırılmasının həvəskar və peşəkar üsulları, saxta pulların təyin olunma mexanizmi və Mərkəzi Bankda ekspertiza potensialından danışıb. O, pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması və saxtakarlığın qarşısının alınması məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən təmiz pul siyasəti, çoxsaylı maarifləndirmə tədbirləri, daxili koordinasiya və beynəlxalq əməkdaşlıq haqqında, eləcə də bu istiqamətdə faydalı resursları diqqətə çatdırıb.
Sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Sonda İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov maarifləndirici seminarı yüksək qiymətləndirib, müasir dövrün tələblərinə uyğun olaraq əhalinin bu sahədə biliklərinin artırılmasının önəmini vurğulayıb. Ə.Sadıqov İSİ-nin müxtəlif dövlət qurumları ilə, o cümlədən Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində bir sıra elmi-praktiki məsələlərin həllində yaxından iştirak etdiyini söyləyib və Milli Bankın əməkdaşlarına seminarın təşkilinə görə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.