Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı lahiyə çərçivəsində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoyub.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılıb.
Bu kurqanlar qoruğun ərazisində 2020-ci ilin dekabrın sonundan 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə işləri və arxeoloji kəşfiyyat müddətində qeydə alınıb, GPS koordinatları götürülüb. Kurqanlar Candar gölünə yaxın hündür ərazidə yerləşir.
Tarixən şimaldan və cənubdan iri miqrasiyaların daşıdığı mədəniyyətlər, dini-ideoloji baxışlar, innovativ sosial və texnoloji ideyalar Sarıyoxuş dərəsinin daxil olduğu nəhəng Ceyrançöl zolağı boyunca hərəkətdə olub. Tunc və İlk dəmir dövründə arealın otlaqlar üçün yararlığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də ticari karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün konkret olaraq Sarıyoxuş, Karvan və Qaltan dərələrinin strateji əhəmiyyətini artırırdı.
Sözügedən məkana sahiblənən Tunc dövrünün tayfaları bu ərazilərə öz sərhəd və mülkiyyət nişanını qoyurdu. Öz dövrü üçün ən funksional sərhəd və mülkiyyət markeri - kurqan tipli qəbir abidələri idi. Tayfaların hakim təbəqəsinə daxil olan nümayəndələrin kurqan tipli qəbir abidələrində dəfni ərazilərin kimin mülkiyyəti olmasını bildirirdi. Digər tərəfdən, kurqan - mümkün rəqiblərə kurqanlarda uyuyan əcdadlarının toxunulmazlığının təmin edilməsi üçün döyüşməyin bir şərəf məsələsi olması barədə ərazinin sahibi olan tayfa birliyinin xəbərdarlıq ismarıcını daşıyırdı.
Hər iki kurqan Ağstafa-Poylu-Gürcüstan Respublikası avtomobil yolunun 39 km-də Keşikçidağ Qoruğuna tərəf ayrılan hissəsinin 7 km-də yerləşir. Şimal-cənub xətti boyu 16 m, şərq-qərb boyu 14 m ölçülərə malik Sarıyoxuş dərəsi 1 saylı kurqanın tədqiqatları zamanı daş örtüyün altında Son Tunc - İlk Dəmir dövrünə aid zəngin dəfn aşkar edilib. İlkin tədqiqatlar zamanı dəfn kamerasında Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan “o dünya üçün azuqə” kimi skeletin kəllə nahiyəsi tərəfində qara cilalı, üzəri naxışlı bir neçə küpə, kiçik buynuzlu ev heyvanlarının bişmiş tikələrinin sümük qalıqları, tuncdan qılınc, dəvə gözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, geyimin tuncdan aksessuarları qeydə alınıb.
Göstərilmiş abidədən şimal-şərq istiqamətində təqribən 20 metr məsafədə, 7 metr hündürlükdə və ümumi diametri təqribən 18 m olan Sarıyoxuş dərəsi 2 saylı kurqan yerləşir. Kurqanın daş örtüyü bütünlüklə götürüldükdən sonra uzunluğu təqribən 6 m, eni 2 m olan cənub-qərbdən, şimal-şərqə uzanan üzəri simmetrik olaraq iri daş plitələrlə örtülmüş dəfn kamerası aşkar edilib. Tədqiqatlar iri daş plitələrin altında, təqribən 2,6 m dərinlikdə dəfnin icra olunduğunu göstərib. Qəbir kamerası təqribən ortadan iki hissəyə bölünüb: cənub-qərb hissədə qara cilalı iri və orta ölçülü, üzərində şevron və “dırnaq” naxışları olan küplər və küpələrin, həmçinin qurban gətirilmiş müxtəlif iri və xırda buynuzlu ev heyvanlarının qalıqlarının yerləşdirildiyi qurbangah qurulub. Qurbangahla əsas dəfnin arasında dağdağan ağacından arakəsmə qoyulub. Ehtimal ki, yüksək sosial statusa malik qədim tayfa nümayəndəsini (tayfa başçısını) dizlərdən bükülü, “dua pozasında” dəfn kamerasının şimal-şərq hissəsində ağacdan qurulmuş taxtın üzərində yerləşdiriblər. Taxt dörd tərəfdən ağac kəsimləri ilə haşiyələnib. Skeletləşmiş insan qalıqlarının yanında tuncdan qılınc, qılınc qınının tuncdan sonluğu, obsidian və çaxmaq daşından ox ucluqları, olduqca yaxşı qalmış qapaqlı küpə aşkarlanıb.
Hər iki dəfnə yerləşdirilmiş maddi mədəniyyət nümunələrinin tipoloji xüsusiyyətlərinə görə, Sarıyoxuş dərəsi 1 və 2 saylı kurqanlarını Son Tunc - İlk Dəmir dövründə mövcud olmuş Xocalı-Gədəbəy mədəniyyətinin e.ə. 13-10 əsrlərə aid mərhələsi ilə dövrləşməsini ehtimal etmək olar. Üzvü tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizləri abidələrin tarixlənməsini daha da konkretləşdirə bilər.
İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasındakı skeletin boyun nahiyəsində aşkar edilmiş əqiqdən və saxsı pastadan boyunbağı muncuqları arasında, öz dövründə Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni (hurri) imperiyasının ən yüksək inkişaf dövrünün (e.ə. 15-13-cü əsrlərdəki) qliptika (oyma və yonma işi) üslubundadır. Silindrik möhürün aşkar edilməsi ilk növbədə burada dəfn olunmuş fərdin tayfa daxilində tutduğu yüksək sosial statusunu göstərməkdədir. Xüsusi sifarişlə hazırlanmış və Ön Asiya ərazisindən gətirilmiş bu möhürlə siyasi və iqtisadi sənədlər təsdiq edilir, əcnəbi tacirlərin tayfanın nəzarəti altında olan ərazilərində təhlükəsizliyi təmin edilirdi. Digər tərəfdən, silindrik möhür e.ə. II minilliyin ikinci yarısı və I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir.
Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatlar davam etməkdədir. Arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş örtüklü və 1 torpaq kurqan tipli qəbir abidələri qeydə alınıb.
Qeyd edək ki, “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihədə könüllülərin iştirakı 5-22 iyul 2021-ci il tarixlərində baş tutub. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov tərəfindən masterklaslar təşkil olunub. Nəticədə layihədə iştirak edən könüllülər Ceyrançöl ərazisində yerləşən arxeoloji sahələrin kəşfiyyatı və qazılmasında birbaşa iştirak edib, arxeoloji ekspedisiyaların təşkili və aparılmasının xüsusiyyətlərini öyrənib, müxtəlif tarixi və arxeoloji məlumatların toplanması və təhlili sahəsində təcrübə qazanıb, tədqiqat metodlarının mənimsənilməsi, sahə arxeoloji tədqiqatları zamanı xüsusi metodlardan, alətlərdən və avadanlıqlardan istifadə etmək bacarıqları əldə ediblər.
23 iyul tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən könüllülərə layihədə uğurla iştirak etmələrini təsdiq edən sertifikatlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.