Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.07.2021 10:57
  • A-
  • A
  • A+

“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi davam edir

“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” layihəsi davam edir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır! layihəsi çərçivəsində muzeyin könüllülərinin Ağdam rayonuna ekskursiyasını təşkil edib.

Muzeyin könüllüləri ilə yanaşı, 1 saylı Bakı “ASAN xidmət“ mərkəzi və Bərdə “ASAN xidmət” mərkəzi könüllüləri də layihədə iştirak ediblər. Könüllülər Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və digər əməkdaşlar ilə görüşüblər. S.Ələkbərova bildirib ki, layihə çərçivəsində gənc muzeyşünaslar işğaldan azad olunmuş rayonlarımıza ikinci dəfədir səfər edirlər: Bundan öncə onlar Füzuli rayonunda olublar. Belə səfərlər onlarda qalib ölkənin gəncləri olaraq qürur hissi yaradır.

S.Ələkbərova işğaldan azad edilmiş bütün rayonların muzeylərinə belə ekskursiyaların təşkilinin davam etdirildiyini vurğulayıb.

Sonra könüllülər Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evinin binasında fəaliyyətini qismən bərpa etmiş Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Bildirilib ki, Ağdam rayonunda ilk muzey 1962-ci ildə yaradılıb. İşğaldan əvvəl muzeyin fondunda eksponatların sayı 2 min 500-ü keçirdi və sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar üstünlük təşkil edirdi. Qeyd olunub ki, 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal edildikdən sonra muzey tamamilə dağıdılıb.

1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evinin binasında bərpa edib. Hazırda muzeydə rayonun qədim tarixini, zəngin keçmişini və mədəniyyətini əks etdirən çoxlu sayda eksponat sərgilənir. Sərgidə olan mənfur erməni vandallarının dinc əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş raket mərmilərinin parçaları düşmənə nifrət hissini daha da artırır.

Sonra gənclər Mahrızlı kəndinə yola düşüblər. Onlar Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədovla görüşüblər. Məlumat verilib ki, ermənilər Ağdamı vəhşicəsinə dağıdıblar və raket zərbələrinin təsirindən döyüş bölgəsinə yaxın Mahrızlı kəndində də böyük dağıntılar olub. Muzeyin giriş hissəsində Rahib Məmmədovun xatirə əşyaları sərgilənir. Onun qəhrəmanlığı haqqında qardaşı və muzeyin rəhbəri Sahib Məmmədov məlumat verib. Bildirib ki, Rahib Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilib. R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib.

Rahib Məmmədovun xatirəsini əbədiləşdirmək üçün doğulduğu Mahrızlı kəndində muzey yaradılıb. Muzeydə Rahib Məmmədovun şəxsi əşyaları ilə yanaşı, Qarabağ döyüşlərində igidlik göstərən vətən övladlarının şəxsi əşyaları, məktubları, hərbi geyimləri də nümayiş etdirilir. Bu eksponatlar düşmənə nifrət, vətənə məhəbbət hisslərini artırır.

Ekskursiya zamanı rayonda muzey rəhbərlərinə Milli Azərbaycan Tarixi Muzeyinin elmi nəşrləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: