Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.08.2021 12:40
  • A-
  • A
  • A+

“Vətənim” verilişində tanınmış şair Ənvər Əlibəylinin yaradıcılığına nəzər salınıb

“Vətənim” verilişində tanınmış şair Ənvər Əlibəylinin yaradıcılığına nəzər salınıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin tanınmış şair, tərcüməçi, jurnalist, radio və televiziya xadimi Ənvər Əlibəylinin Azərbaycan radiosu və televiziyasının inkişafında göstərdiyi xidmətlərə həsr olunmuş növbəti buraxılışı yayımlanıb.

Veriliş AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Rafael Hüseynov gəncliyinin ilk illərindən fəaliyyətini teleradio ilə bağlamış, Televiziya Verilişləri Komitəsinin sədri Ənvər Əlibəylinin bir çox ilkləri ilə tarixdə qalmağa müvəffəq olduğunu vurğulayıb. O, 9 iyul 1957-ci il tarixində Azərbaycan Televiziyasının ilk studiyadankənar verilişindən bəhs edərək futbol oyunundan olan bu reportajı məhz Ənvər Əlibəylinin apardığını deyib, onun müəllifi olduğu “Danışır Bakı” adlı kitabda Azərbaycan teleradiosunun fəaliyyətinin geniş işıqlandırıldığını diqqətə çatdırıb.

Əlavə edib ki, Ənvər Əlibəylinin Azərbaycan radiosuna rəhbərlik etdiyi çağlardan ilk dəfə efirdə radio-tamaşalar səsləndirilib.

Akademik Rafael Hüseynov, həmçinin “Azərbaycantelefilm”də çəkilən ilk bədii filmlərdən biri olan “Zəncirlənmiş adam”ın ssenari müəllifinin də Ənvər Əlibəyli olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Televiziyasına Novruz bayramı da ilk dəfə olaraq bütün təntənəsi ilə 1967-ci ilin martında Ənvər Əlibəylinin televiziyaya rəhbərlik etdiyi dövrdə gəlib.

“Azərbaycan radiosunda onillərlə davam edəcək bir çox bəyənilən, gözlənilən verilişlər 1960-cı illərin əvvəlində ilk dəfə Ənvər Əlibəylinin imzası ilə həyat qazandı. Sonralar adları dəyişilsə də, mahiyyəti və vəzifəsi yerində qalan son xəbərlər proqramları, “Günün səsi”, “Günün ekranı” adlı verilişlər uzun illər ərzində fəaliyyətini davam etdirdi”.

O, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR Əməkdar artisti Vaqif Mustafazadənin radioda fəaliyyətə başlamasında və yaradıcılığının inkişafında Ənvər Əlibəylinin xidmətlərindən bəhs edib.

Verilişdə tanınmış şairin qızları Şəfəq və Şəlalə xanım ataları ilə bağlı xatirələrini bölüşüblər.

Akademik Rafael Hüseynov, həmçinin Ənvər Əlibəylinin “Azərbaycanım” şeirinin tarixçəsindən danışıb, xalqımız tərəfindən olduqca sevilən bu şeir əsasında bəstələnmiş nəğmənin uzun illərdir ki, dillər əzbəri olduğunu deyib. Qeyd edib ki, şeirin nəğmədə səsləndirilməyən bir bəndində iki hissə parçalanmış Azərbaycanın taleyinə gətirilən hadisələrdən bəhs edilir.

Rafael Hüseynovun sözlərinə görə, Ənvər Əlibəyli teleradioda səsləndirilən siyasi baxımdan başqa cür mənalandırıla biləcək ifadələrə görə Mərkəzi Komitəyə çağırılır, ona töhmətlər verilirdi. Buna görə də o, zahirən xoşbəxt ömür sürsə də, daxilində hər zaman bir ağrı var idi. Bu kimi sarsıntılar Ənvər Əlibəylinin sağlamlığına da təsirsiz ötüşməyib və 1968-ci ilin mayın 7-də həyatının, yaradıcılığının yüksələn bir vaxtında dünyadan köçüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: