AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev Qusar rayonunun ərazisində toplama xarakterli elmi ezamiyyətdə olub.
Bu ərazidə eramızdan əvvəl I – bizim eranın I minilliyinin ilk rübünə (erkən dəmir, antik və erkən orta əsrlər) aid arxeoloji, təsadüfi və tarixi abidələr haqqında məlumat toplamaq, eyni zamanda bu bölgələrdən aidiyyatı dövrlərə aid maddi mədəniyyət nümunələri toplayaraq arxeoloji qazıntıların aparılması və abidələrin müəyyən edilməsi məqsədilə tədqiqat işləri aparılıb.
L.Mustafayev bildirib ki, “beş gün ərzində davam edən toplama və kəşfiyyat işləri zamanı qeyd edilən ərazidə həm əl ilə, həm də dulus çarxı ilə hazırlanan müxtəlif çeşidli keramika fraqmentləri vardır. İri təsərrüfat küpü, qazan, boşqab, dolça, bardaq və digər maye istifadəsi üçün nəzərdə tutulan saxsı hissələri ətrafa səpələnib. Ən maraqlısı isə budur ki, təpəliyin ətrafında yüksək keyfiyyətlə bişirilmiş, qalın divarlı, dəmir dövrünün başlanğıcı və e.ə. I minilliyin ortaları üçün xarakterik olan tünd boz, bir qədər göyümsov rəngli təsərrüfat küplərinin hissələrinə də rast gəlinir”.
Tədqiqatçı L.Mustafayev bildirib ki, toplanılan keramika nümunələrinə əsasən qeyd edilən ərazidə bir neçə dövr ərzində (antik, erkən orta əsrlər, orta əsrlər) yaşayışın olduğunu təxmin etmək olar.
Muzey əməkdaşı Qusar rayon Tarix Diyarşünaslıq Muzeyində olub və muzeyin direktoru Xatirə Nağıbəyova ilə Qusar rayonu ərazisində olan tarixi abidələr haqqında söhbətlər aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.