Fevralın 25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açıb. O, “Dünya soyqırımları faciəsi kontekstində Xocalı” mövzusunda çıxış edərək ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımın bütün dünyada ən dəhşətli cinayətlərdən olduğunu bildirib.
Akademik R.Hüseynov hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimlərinin keçirildiyini vurğulayaraq qeyd edib ki, əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməkdir.
Xocalı faciəsinin acı gerçəkləri haqqında danışan muzeyin direktoru Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin və bəşəriyyətə qarşı bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb.
Sonra çıxış edən Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.
Tədbirdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirli “Xocalı faciəsi haqqında erməni etirafları”, tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov “Xocalıda törədilmiş erməni vandalizmi” və muzeyin X.Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova “Xocalı faciəsi tarixi cinayətdir” mövzusunda məruzələrlə çıxış edərək fikirlərini bölüşüblər.
Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib. Müraciətdə Ermənistan dövlətinin Azərbaycana qarşı işğalına son qoyması, zəbt edilmiş torpaqlarımızın azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün dünya muzeylərinə çağırış əks olunub.
Tədbir çərçivəsində bu qanlı faciəni əks etdirən stendlər nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.