AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində tarixi əhəmiyyətli milli musiqi alətləri - pardaxlanmış ağacdan tar və qaval qorunur.
Tarın qol hissəsi sədəflə bəzədilib. Metal lövhəcik üzərində rus dilində “Əziz Niyaziyə şuşalı yerlilərindən 70 illiyi münasibətilə” sözləri yazılıb.
Qaval Xalq artisti, xanəndə Xan Şuşinskiyə məxsus olub, 1975-ci ildə sahibi tərəfindən xanəndə muğam ifaçısı Qədir Rüstəmova hədiyyə edilib. Qaval 2013-cü ildə Qədir Rüstəmovun həyat yoldaşı Fatimə Azadi tərəfindən muzeyə verilib.
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi qeyd olunur.
Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, intibah dövrünü yaşayır.
Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətin bəhrəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.