Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2021 11:24
  • A-
  • A
  • A+

Son günlər müşahidə olunan kəpənək sürüsü ilə bağlı açıqlama

Son günlər müşahidə olunan kəpənək sürüsü ilə bağlı açıqlama

Son günlər davam edən küləkli hava şəraiti səbəbindən Bakıda və Sumqayıtda qəhvəyi rəngli, iri kəpənək sürüsü peyda olub.

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva bildirib ki, bu həşəratlar pulcuqqanadlılar Lepidoptera kəpənəklər dəstəsindəndir. Onlara həm də “çayır odlucası” deyilir: “Çayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər yetirir. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtildir. 1 ildə 2-5 dəfə nəsil verir. Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanır”.

Qeyd olunub ki, hazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük ziyan vuran bu kəpənəklərlə kimyəvi mübarizə aparmağın vaxtıdır. “Bunun üçün müxtəlif insektisidlərdən istifadə olunur. Zərərvericilərin 5-6 ildən bir kütləvi çıxış dövrü olur. Çox güman ki, bu həşəratların bu il kütləvi çıxış dövrüdür”. Gülzar Mustafayeva əlavə edib ki, bu il, həmçinin Abşeronda bərabərqanadlılardan mənənələrin də kütləvi artım dövrü olub.

Onun sözlərinə görə, bu kəpənəklər bir-biriylə cütləşdikdən sonra yumurta qoyacaq. Həşərat polifaq olduğu üçün yumurtalarını müxtəlif kənd təsərrüfatı bitkilərinin üzərinə də qoyur. Yumurtadan çıxan tırtıllar bitkilərin yarpaqları və tumurcuqları ilə qidalanır. İndi, yetkin mərhələdə və təxminən 7-10 gündən sonra tırtıl (sürfə) mərhələsində kimyəvi mübarizə aparmaq vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: