Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.09.2021 12:52
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşları “Horizon 2020” elmi layihəsində iştirak ediblər

Tarix Muzeyinin əməkdaşları “Horizon 2020” elmi layihəsində iştirak ediblər

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov və Numizmatika və epiqrafika elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova bir aylıq müddətə “Horizon 2020” layihəsi çərçivəsində “Humanitar elmlərdə elmi mübadilə və akademik mədəniyyət (Avropa və Qaradəniz regionu, XVIII əsrin sonu – XXI əsr)” istiqaməti üzrə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə (Gürcüstan) ezam olunublar.

Qeyd edək ki, layihənin Azərbaycan üzrə milli koordinatoru Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovdur.

25 avqust – 25 sentyabr tarixlərini əhatə edən ezamiyyət müddətində həyata keçirilən bu layihədə tədqiqatçıların əsas məqsədi layihənin mövzusuna müvafiq olaraq faktiki material toplamaq və elmi mübadiləni genişləndirməkdir.

Tədqiqatçılar Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru, t.ü.e.d., professor-arxeoloq Merab Xalvaşi və digər təcrübəli alimlərinin iş metodikası ilə tanış olub, elmi müzakirələrdə iştirak ediblər.

Ezamiyyət dövründə gənc alimlər  Batumi muzeylərinin arxeoloji, numizmatik və foto kolleksiyaları ilə də tanış olub, elmi mübadilə xarakterli görüşlər keçirib, qeyd olunan universitetin kitabxanasında tədqiq etdikləri mövzular üzrə elmi araşdırmalar aparıb və ədəbiyyat toplayıblar.

Muzey əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərini gürcüstanlı həmkarlarına hədiyyə ediblər.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: