Bu gün AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında "Ədəbi proses - 2014" yaradıcılıq müşavirəsi keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-1984-cü illərdə ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunmuş yaradıcılıq müşavirələrinin keçirildiyini bildirdi.
İsa Həbibbəyli qeyd etdi ki, “Ədəbi proses - 2013” yaradıcılıq müşavirəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri idi. Belə ki, əsası Ədəbiyyat İnstitutunda qoyulmuş “Ədəbi proses” formatında yaradıcılıq müşavirəsi sonuncu dəfə 30 il öncə, 1984-cü ildə keçirilmiş və tədbirin materialları bir il sonra nəşr olunmuşdur. “Ədəbi proses – 2013”ün Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunmuş ilk yaradıcılıq müşavirəsi kimi də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran alim “bu müşavirənin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil etmişdir” -deyə bildirdi.
İsa Həbibbəyli “Ədəbi proses - 2013”ün ölkə mətbuatında böyük əks-sədaya səbəb olduğunu vurğuladı. Alimin sözlərinə görə, bu müşavirənin digərlərindən əsas fərqi məruzəçilərin əksəriyyətinin gənclərdən ibarət olmasıdır. O, ötən ilki təqdimatın da yüksək səviyyədə keçirildiyini, Azərbaycan gəncliyinin özünü isbat etməsində mühüm rolu olduğunu qeyd etdi.
AMEA-nın vitse-prezidenti ədəbi proses müşavirəsinin məruzələrindən ibarət kitabın nəşri barədə də məlumat verdi. Bildirdi ki, cari il 14 məruzəçi ədəbi prosesin bütün sahələrini əhatə edən müxtəlif mövzularda çıxış edəcəklər. O, institutun nəzdində Ədəbi tənqid şöbəsinin yaradılmasını yüksək qiymətləndirdi, bundan sonra ədəbiyyatşünaslığın daha da inkişaf edəcəyinə, ədəbi proseslərin sürətlənəcəyinə əminliyini ifadə etdi.
İsa Həbibbəyli institut tərəfindən Azərbaycan ədəbiyyatının dövrləşməsi konsepsiyasının hazırlanacağını, konsepsiyada bütün mərhələlərin əhatə olunacağını diqqətə çatdırdı.
Sonra AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək, ədəbiyyat institutunun son illər dinamik inkişaf etdiyini vurğuladı. O, akademik İsa Həbibbəylinin gənc alimlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi. Yaradıcılıq müşavirələrinin formatında dəyişiklik edilməsinin, təqdim olunan məruzələrin tədbirdən öncə nəşrinin məqsədəuyğun olduğunu dilə gətirdi.
R.Məcid Yazıçılar Birliyində İsa Həbibbəylinin gənc ədiblərlə görüşünün təşkil olunacağını qeyd edərək, bu görüşün gənclərə ədəbiyyatşünaslıqla bağlı görülən işlərlə tanış olmaq imkanı verəcəyini vurğuladı.
Sonra AYB-nin katibi İlqar Fəhmi çıxış etdi. O, son illər Azərbaycan ədəbiyyatında xeyli irəliləyişlərin müşahidə olunduğunu, bu inkişafın təmin olunması istiqamətində Ədəbiyyat İnstitutunun mühüm işlər gördüyünü dedi.
Sonda AYB-nin tənqid və publisistika bölməsinin rəhbəri Bəsti Əlibəyli çıxış edərək Azərbaycan ədəbiyyatının dövrləşmə konsepsiyasının hazırlanmasının əhəmiyyətindən söz açdı. Son illər ölkə ədəbiyyatında gedən prosesləri yüksək qiymətləndirən B.Əlibəyli tənqidin nəzəri bazasının formalaşdığını qeyd etdi. O, Azərbaycan Yazıçılar Birliyi ilə AMEA Ədəbiyyat İnstitutunun birgə nəzəriyyələrinə dair kitabın nəşri təklifini də irəli sürdü.
Tədbirdə, həmçinin 2014-cü ilin şeiri, poemalar, dramaturgiya, tənqid, ədəbiyyatşünaslıq, ilin romanları, povestlər, hekayələr, uşaq ədəbiyyatı, cənubda ədəbi proses və s. mövzularda məruzələr dinlənildi, çıxışlar ətrafında geniş fikir mübadiləsi aparıldı.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>