Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2021 16:48
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda “Tarixi qələbə” mövzusunda tədbir keçirilib

Polimer Materialları İnstitutunda “Tarixi qələbə” mövzusunda tədbir keçirilib

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Polimer Materialları İnstitutunda baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov tədbiri giriş sözü ilə açaraq bildirib ki, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan xalqımız bu tarixi zəfəri şəhidlərimizin və qazilərimizin canı, qanı bahasına əldə edib. Alim qeyd edib ki, müharibənin başladığı ilk gündən müəssisənin əməkdaşları yaşlarından asılı olmayaraq bütün imkanları ilə ordumuza dəstək olublar.

Sonra institutun elmi katibi, k.ü.f.d., dosent Solmaz Rzayeva Ali Baş Komandan İlham Əliyevin atdığı yerində və dəqiq addımların xalqımızı qələbəyə apardığını bildirib. Ordumuzun qətiyyəti qarşısında düşmənin aciz qaldığını, təxribatlara əl atdığını və müxtəlif müharibə cinayətləri törətdiyini xatırladıb. Sonra institutun icraçı direktoru, k.e.d., dosent Kazım Quliyev çıxış edərək bugünkü qələbənin ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətinin, yaratdığı qüdrətli Azərbaycan Ordusunun və dünyada qazandığımız beynəlxalq nüfuzun nəticəsi olduğunu, 44 günlük Vətən müharibəsində iştirak edən igid oğullarımızın illərdir itirdiyimiz qeyrətimizi bizə qaytardığını söyləyib.

Tədbirə dəvət olunan institut əməkdaşlarından Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən ehtiyatda olan zabitlər Vaqif İbrahimov və Şəmsəddin Hüseynov 44 gün davam edən müharibəni sözlərlə ifadə etməyin çətin və mümkünsüz olduğunu qeyd ediblər.

Daha sonra Təhsil şöbəsinin müdiri k.ü.f.d., dosent Almaz Çələbiyeva və Həmkarlar İttifaqı Təşkilatının sədri k.ü.f.d. Aynurə Məmmədova ölümün gözünə dik baxan qazilərimizə göstərdikləri vətənpərvərlik və qəhrəmanlıqlarına görə minnətdarlıqlarını bildiriblər. Tarixi savaşda minlərlə vətən oğlu ilə bərabər şərəfli döyüş yolu keçmiş hər iki qaziyə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun əmri ilə təşəkkürnamə təqdim olunub. Eyni zamanda institutun ailə üzvləri müharibədə iştirak edən 6 əməkdaşına Həmkarlar İttifaqı Təşkilatının sovqatı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: