Bu gün AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunan “Ya qalib ol, ya şəhid ol, ya da qazi ol!” mövzusunda tədbir keçirilib.
Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan mərasimdə giriş nitqi ilə çıxış edən AKİ-nin baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün təmin olunmasında, işğal altında olan torpaqlarımızın qurtarılmasında şəhid olan hərbçilərimizin xatirəsinə hörmət əlaməti olaraq təqvimə daxil edilən 27 sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Çünki bu gün bir tərəfdən şəhidlərimizi anmaq günüdürsə, digər tərəfdən qürur günümüzdür. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və qısa müddətdə qəhrəman oğullarımızın hesabına bu missiyanı yerinə yetirdik. Vətənpərvər gənclərimiz bu problemi gələcək nəsillərə saxlamadılar”.
“Hətta dünyada bu münaqişəyə ikili yanaşmaya görə, hesab edirdik xalqımıza müharibə yolu ilə də Qarabağ və ətraf rayonların azad edilməsinə imkan verilməyəcək. Ancaq Ali Baş Komandan, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, qardaş və dost ölkələrin verdiyi dəstək güc yolu ilə də olsa torpaqlarımızın azad olunmasını təmin etdi”, - deyə V.Fərzəliyev vurğulayıb.
Akademik rəhbərlik etdiyi institutun Birinci Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini qeyd edib, 44 günlük Vətən müharibəsində isə müəssisə əməkdaşlarının yaxın ailə üzvlərinin könüllü döyüşə getdiyini və qazi olduğunu söyləyib: “İnstitut kollektivi olaraq YAP Ərazi Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə vətəndaşlıq borcumuzu yerinə yetirərək, mütəmadi şəkildə istər Silahlı Qüvvələrimizin Yardım Fonduna, istər “YAŞAT” Fonduna, istərsə də Qarabağ Dirçəliş Fonduna maddi dəstək olmuşuq, bundan sonra da olacağıq”.
Tədbirdə AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Osmanova “Ya qalib ol, ya şəhid ol, ya da qazi ol!” mövzusunda təqdimatla çıxış edib.
Qarabağ qaziləri – Teymur İmanov və Telman Miriyev müharibə təəssüratlarını bölüşüb, keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlət və xalqın yüksək diqqət və qayğısından danışıblar.
İnstitutun icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru Əfsun Sucayev, AKİ Qadınlar Şurasının sədri, professor Həqiqət Cavadova, AKİ Veteranlar Şurasının sədri, dosent Nüsrət Əliyev və digərləri çıxış edərək Vətən müharibəsində əldə olunan böyük zəfərin əhəmiyyətini vurğulayıb, Anım Gününün şəhidlərimizin xatirəsinə böyük hörmətin əlaməti olmasını qeyd ediblər.
Sonda Qarabağ qazilərinə hədiyyələr təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.