Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.04.2015 00:00
  • A-
  • A
  • A+

“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimatı keçirildi

“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimatı keçirildi

Aprelin 20-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu müəssisənin elmi katibi, ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, ictimaiyyətə təqdim olunan monoqrafiyanın əhəmiyyətindən danışdı. Bildirdi ki, yeni nəşrdə XX yüzil ədəbiyyatının mərhələ və problemləri təhlil edilir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizm, romantizm, maarifçi realizm, Cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, peziya, dramaturgiyanın inkişaf yolları, eləcə də repressiyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. problemlər çağdaş meyarlarla araşdırma obyekti olur.

Sonra filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Əsrin ədəbi-elmi mənzərəsini yaradan ədəbiyyatşünas” mövzusunda məruzəsi dinlənildi. Monoqrafiyada yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxışın ifadə olunduğu bildirildi.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.ü.e.d., prof. Cahangir Məmmədli, prof. Himalay Qasımov və başqaları çıxış edərək nəşr barədə fikirlərini bölüşdülər, əsərin elmə dəyərli töhfə olduğunu bildirdilər.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: