Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.10.2021 14:06
  • A-
  • A
  • A+

Turan Cavidin doğum günü münasibətilə tədbir keçirilib

Turan Cavidin doğum günü münasibətilə tədbir keçirilib

Oktyabrın 1-də AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qızı Turan Cavidin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Turan Cavidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 2 oktyabr 1923-cü il tarixində dahi şairin ailəsində dünyaya göz açan Turan xanımın Cavidlər nəslinin son yadigarı olduğunu, ölməz şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək bu vəzifənin öhdəsindən şərəflə gəldiyini deyib.

Turan Cavidin ədibin ev muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirdiyini, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Cavidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb ev muzeyinə təhvil verərək Azərbaycan xalqına qiymətli miras qoya bildiyini diqqətə çatdırıb.

Alim bildirib ki, Turan xanımın tərtib etdiyi Hüseyn Cavid əsərlərinin beşcildliyi uzun illər aparılan mətnşünaslıq işinin, arxiv materiallarındakı elmi axtarışların, möhtəşəm tapıntıların mükəmməl məhsulu idi. Böyük ədibin “İmlasına dokunmamalı!”, - vəsiyyətinə sadiqliklə tərtib edilən bu toplu Cavidin əsərlərinin yeganə külliyyatı idi ki, şairin dil və üslub xüsusiyyətlərini qoruyub saxlamışdı. Turan xanım bu çoxcildlikdə atasının əsərlərini orijinala tam müvafiq şəkildə bərpa edə bilib.

Tədbirdə Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva hazırda muzeydə böyük ədibin 1982-1985-ci illərdə nəşr olunan dördcildliyinin unikal bir nüsxəsinin saxlanıldığını, bu dördcildliyin hər səhifəsini Turan xanım redaktə edərək ilkin variantına qaytardığını söyləyib. Bildirib ki, bu, Turan xanımın Cavid irsinin bərpası uğrunda çəkdiyi zəhmətin əyani göstəricisidir. Turan xanım öz zəhmətinin bəhrəsini – Hüseyn Cavidin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə nəfis şəkildə kütləvi tirajla çapdan buraxılmış beşcildliyini görməsə də, həmin nəşri əlinə alan hər kəs Turan xanımı xəyalən görür, onun ruhuna rəhmət oxuyur.

Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva isə çıxışında Turan xanımın illər boyu üzərində zəhmət çəkdiyi və yüksək səviyyədə ərsəyə gətirdiyi “əsərlərdən” birinin də Hüseyn Cavidin Ev Muzeyi olduğunu deyib. Qeyd edib ki, bu muzey Cavid irsinin böyük himayəçisi, ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılıb, cavidsevərlərin ixtiyarına verilib. Muzeyin mükəmməl bir sistem, məsuliyyət və dəqiqliyin möhtəşəm təcəssümü, forma və məzmun vəhdətinin klassik örnəyi olduğunu diqqətə çatdıran çıxışçı vaxtı ilə Turan Cavidin rəhbərlik etdiyi bu muzeyin fondunda onun həyat və yaradıcılığına da işıq tutan kifayət qədər materialın mühafizə olunduğunu vurğulayıb.

Daha sonra muzeyin baş mühafizi Fəridə Azadova AMEA Hüseyn Cavidin Ev Muzeyinin kollektivinin hər zaman bu elm və mədəniyyət ocağının qurucusu Turan Cavidin ruhunu bütün tədbirlərdə böyük ehtiramla yad etdiyini, öz işində onun ideallarına sadiq qaldığını, ideyalarını inkişaf etdirərək əziz xatirəsini yaşatdığını söyləyib. Bildirib ki, Hüseyn Cavidin Ev Muzeyində Turan xanımın səliqəsini bu gün də görmək olar.

Daha sonra Turan Cavidin ömür salnaməsinə işıq salan materiallardan ibarət sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: