Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2021 11:09
  • A-
  • A
  • A+

AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirov: “Nizami əsərlərinin akademik tərcüməsi olmadan dahi mütəfəkkirin dünyasını dərk etmək mümkün deyil”

AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirov: “Nizami əsərlərinin akademik tərcüməsi olmadan dahi mütəfəkkirin dünyasını dərk etmək mümkün deyil”

Dahi Nizami Gəncəvi şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkirdir. Onun yaradıcılığını orta Şərqin digər mütəfəkkirləri ilə müqayisə etdikdə, bu fikrin bütün parametrlər üzrə öz təsdiqini tapdığına əmin ola bilərik.

Bu barədə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilən VII “Fizika və lirika” konfransında “Nizami Gəncəvinin elmi dünyagörüşü və elmə münasibəti” məruzəsində məlumat verib.

E.Əmirov dahi mütəfəkkir Nizami yaradıcılığı haqqında dolğun təsəvvür yaradan sanballı əsərlər barədə söz açıb. Bildirib ki, bu əsərlər arasında Yevgeni Eduardoviç Bertelsin 1947 və 1960-cı illərdə nəşr edilmiş “Nizami” və Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərləri xüsusilə fərqlənir. Onun sözlərinə görə, M.Ə.Rəsulzadənin Nizami haqqında əsəri dahi şairi bütün dünyaya tanıtmaq üçün lakoniklik və ideya məzmunu baxımından olduqca qiymətli əsərdir. Bu əsər Nizaminin siyasi dünyagörüşünün, şairin fikir dünyasının dünyaya çatdırılmasında əvəzsizdir.

“Hazırda Nizamişünaslığın ən böyük problemlərindən biri Nizaminin əsərlərinin fars dilindən tam, akademik tərcüməsinin olmamasıdır”, - deyə bildirən AMEA prezidenti katibliyinin rəisi əlavə edib ki, akademik tərcümə olmadan Nizaminin dünyasını dərk etmək mümkün deyil. O, bildirib ki, indiyədək Nizami əsərlərinin rus və Azərbaycan dilində nəşr olunmuş tərcümələrində çox sayda ixtisarlar mövcud olub. E.Əmirovun sözlərinə görə, bu problemin tez bir zamanda həll olunması Nizami yaradıcılığının azərbaycanlı oxuculara tam təfsilatı ilə çatdırılması üçün əhəmiyyətlidir.

Məruzəçi qeyd edib ki, Nizami Şərq təbabəti, riyaziyyatı və astronomiyasının özünə qədərki dövrə kimi keçdiyi inkişaf yolunu əks etdirmiş bir mütəfəkkirdir: “Dahi şairi Şərq elminin inkişafından kənarda müstəqil təhlil etmək mümkün deyil. Çünki həmin ideyaların hər biri Nizami yaradıcılığında öz əksini tapıb”.

Nizaminin “Xəmsə”sinin özünə qədərki müsəlman Şərq elmi fikirinin enspiklopediyası olduğunu deyən E.Əmirov şairin təbiətlə bağlı baxışlarının İbn Sina məktəbinin davamı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dahi mütəfəkkirin psixologiyaya dair fikirləri Qərb ölkələrində tətbiq olunan üsullardan fərqlənirdi. Belə ki, Nizami xəstənin psixoloji vəziyyətini nəzərə almağın, bütün tibbi imkanları səfərbər etməklə insanı həmin vəziyyətdən çıxartmağın düzgün müalicə üsulu olduğunu bildirirdi.

E.Əmirov faydalı dərman bitkiləri, əqrəb zəhərinin faydaları kimi məsələlərin də Nizami əsərlərində öz əksini tapdığını vurğulayıb.

Çıxışının sonunda məruzəçi qeyd edib ki, Nizaminin etnik mənsubiyyəti ilə bağlı fikir ayrılıqları bu günə qədər mövcud olsa da, görkəmli şairin azərbaycanlı olduğunu bilmək üçün onun “Xəmsə”ni oxumaq kifayətdir. Nizaminin bütün əsərlərində türk anlayışı qəhrəmanlıq, şücaət və gözəllik rəmzi kimi qələmə verilirdi. N.Gəncəvinin dəyərləri mütərəqqi və gələcəyə hesablanmış dəyərlər idi: “İstərdim ki, Azərbaycan cəmiyyəti Nizamini alim kimi qavrasın və bir mütəfəkkir kimi qəbul etsin”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: