Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Quba “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Aqrar Biznes Festivalı keçirilib.
Festivalın əsas məqsədi regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsullarına və innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsidir.
Festivalda Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriya vasitəsilə iştirak edib. Tədbirdə iştirak edən institutut əməkdaşları fermerləri maraqlandıran mövzularda sualları cavablandırıblar.
Mütəxəssislər tərəfindən torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin olunub, torpağın ehtiyac duyduğu gübrə norması müəyyən edilib ki, bu da torpağın kimyəvi çirklənmədən qorunmasına və ekoloji vəziyyətin tənzimlənməsinə xidmət edir. Eyni zamanda torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin olunub, torpaq mühitinin reaksiyası (pH) müəyyən edilib, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilib. Bununla yanaşı, irriqasiya eroziyasına qarşı tədbirlər planı təklif olunub, sudan qənaətlə istifadə üçün müasir suvarma sistemləri barədə məsləhətlər verilib və torpaqdan səmərəli istifadə üçün elmi tövsiyələr təqdim edilib.
Festivalda Quba rayonunda fəaliyyət göstərən fermer və sahibkarlarla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları festival çərçivəsində yalnız kənd təsərrüfatı məhsulları və texnologiyalarının nümayişində deyil, eyni zamanda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda Şahdağ Quba Truskavets otelinin akt zalında keçirilən panel müzakirələrdə də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.